MƏMMƏD GÜRŞADOĞLU : - YAZARLA RIN MƏHƏMMƏDHÜSEYN  ŞƏHRİYAR  SEVGİSİ

MƏDƏNİYYƏT 18:54 / 27.11.2023 Baxış sayı: 23207

 

Dünən (26.11.2023) AYB-nin Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və hər ayın sonuncu bazar günü yazarları bir araya gətirən “Palitra” Ədəbi Klubunun növbəti toplantısı keçirildi. Tədbirin ilk hissəsi məşhur Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığına həsr edildi. Bölmə rəhbəri İsmayıl İmanzadə adı dünyalarca məşhur olan sənətkarın həyat və yaradıcılığından bəhs etməklə, dillər əzbəri olan “Heydər baba” adlı poemasının milli ədəbiyyatımızı zənginləşdirmək və insanlara nəcib hisslər aşılamaq yönümündə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Uzun illərdən bəri Mingəçevirdə fəaliyyət göstərən Kəlbəcər rayon 35 saylı tam orta məktəbinin direktoru, tanınmış şair, Prezident təqaüdçüsü Elşən Əzizm şairin fars və Azərbaycan dillərində yazdığı əsərlərin milyonlrla insan tərəfindən sevilə-sevilə oxunduğunu, şairin bir sıra qəzəl və şeirlərinin görkəmli bəstəkarlarımızın ilham mənbəyinə çevrildiyini söylədi.

Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov şairin xatirəsinə ehtiram hissiylə qələmə aldığı bir qəzəlini oxudu. Hüquqşünas şair Bəhman Gülövşəli Məhəmmədhüseyn Şəhriyarın “Heydər baba” adlı poemasının milli-mənəvi dəyərlərimizə yönəlik təsir gücündən, əsərin söz xəzinəmizə böyük töhfə olduğundan söz açıb, poemanın bir hissəsini oxudu. Yazıçı-esseist Eyyub Rəşidov Şəhriyarın ədəbi yaradıcılığına və şəxsiyyətinə ən azından bir oxucu qismində bəslədiyi ehtiram hissini həkarları ilə bölüşməyi özünə borc bildiyini dilə gətirdi. Şair-publisist Məmməd Mərzili isə şairin sağlığında məşhur Azərbaycan şairləri Süleyman Rüstəm, Bəxtiyar Vahabzadəyə... ünvanladığı məktublarından, Bakıya gəlmək arzusundan söz açdı.

Tədbirin ikinci bölümündə şairlərdən Elşən Əzim, Bəhman Gülövşəli, Mahir Musa, Ağabala Salahlı, Məmməd Mərzili, Mehman Rəsulov yazdıqları yeni şeirləri, mərhum şair Murad Xasməmmədovun oğlu Elşən Xasməmmədov isə atasının əsərlərindən nümunələr oxudu. Ədəbiyyat sevdalısı Rəşid Rəsulov usə həmişə olduğu kimi yazarlara ağsaqqal xeir-duası verdi.

Sonda bölmə rəhbəri dekabr ayının ikinci ongünlüyündə tanınmış şair Fəxrəddin Əzizin xatirəsinə həsr ediləcək poeziya gecəsi ilə əlaqədar hazırlıq işlərindən və bu məsələ ilə ilgili yazarla bir sıra tapşırıqlarını verdi və klubun məşğələsində fəal iştirak etdiklərinə görə həmkarlarına minnətdarlığını bildirdi.

“Palitra” Ədəbi Klubunun iki saata yaxın davam edən növbəti yaradıcılıq günü bu dəfə də hamıya unudulmaz anlar bəxş etməyi ilə yadda qaldı.

MƏMMƏD GÜRŞADOĞLU

Azərbaycan Yurnalistlər Birliyyinin üzvü