Məhəbbət heç vaxt ölmür - Nizaməddin ŞƏMSİZADƏ  ( Əfsanə.)

YAZARLAR 14:46 / 04.10.2023 Baxış sayı: 2182

 

Gizli Eşqin həzzini və iztirabını yaşayanlara

 

Yazıçı dostum Hüseynbala Mirələmova

 

Qədim zamanlarda Türk əşirətlərindən birində Ovsun adlı Alp, onun Sunay adlı xatunu yaşayırdı. Onların Gündoğdu və Aydoğdu adlı iki cəsur oğlanları var idi. Ailə çox mehriban, səmimi və qürurlu idi. Ovsunun 46 yaşı tamam olmuşdu. Sunay da 40 yaşa yaxınlaşırdı. Nə Ovsun dağ vüqarını, nə də Sunay gözəlliyini və şuxluğunu itirməmişdi. Onlar qamətli, igid oğlanlarını qısaca olaraq Gün və Ay çağırırdılar. Elə qohum-qardaş, obanın adamları da onlara belə müraciət edirdi.

Ayxan və Günxan vaxtlarının çoxunu döyüşlərdə keçirir, tayfanı düşmənlərdən qoruyurdular. Fəqət, Sunay ana bir az xiffət eləyir, hərdən Ovsun kişi ilə bu mövzu ətrafında söhbətlər aparırdı. Ovsun Alp xatununu çox sevirdi. Türk sevmədiyi qadınla evlənməz. Onlar üçün sevgi, məhəbbət mənəviyyatın əsasıdır.

Bəlkə elə buna görə də zəngin və qüdrətli Türk şeirinin, nəğmələrinin lirik qəhrəmanı Əlahəzrət Eşqdir:

 

Eşqdir Mehrabı uca göyləri

Eşqsiz, ey dünya nədir dəyərin

İdrakı dindirsən söyləyər o da

Hər şey eşq üstündə durur dünyada.

 

Sunay ana oğlanlarını baş-göz eləmək, obanın çadırlarını artırmaq istəyirdi. Çoxlu düşmənləri olan Türk cəmiyyətinə yeni-yeni Alplar lazım idi. Ancaq "Sən saydığını say, gör fələk nə sayır" deyib babalar.

Oğlanların ikisi də bir-birindən xəbərsiz obadakı ən göz qıza - saf su kimi duru Aylinə vurulmuşdu. Sunay xatun düşünürdü: bu çox çətin məsələni necə həll etmək olar?!

Tədbirli Sunay əvvəlcə Ovsunla məsləhətləşdi. Ovsun dedi: gəl aralarında püşk ataq. Aylinin adı yazılan kimə düşsə, qız olsun onun. Sunay zeytun gözləri yaşaranacan gülüb ona dedi: yox, a kişi, püşk nədir, mal bölüşdürmürsən ki, bu çox incə qəlb məsələsidir.

Sunay obanın baş Alpı, Cəsur bəyin yanına məsləhətə getdi. Ondan da ağılabatan bir şey çıxmadı. O da eynən Ovsun Alp kimi metrəni alıb, tərəzini qoyub ölçməyi təklif etdi.

Obada Şərq mədrəsələrində oxuyub gəlmiş bir alimi-əzəm var idi. Adına Hüsaməddin deyirdilər. Güman ona qalmışdı. Hüsaməddin müdrik adam idi, yalnız at minməyi, qılınc tutmağı bilən balaca türklərə məntiqdən, fizikdən, həndəsədən dərs öyrədirdi.

Hüsaməddin müəllim Sunayı diqqətlə dinləyib dedi: Sən onlara bir Əfsanə danış, hansı çox təsirlənsə Aylin onun olsun. Lakin bu şərti oğlanlara əvvəlcədən demə. Və sonra filosof Hüsaməddin belə bir əfsanə söylədi: "Günlə Ay bir-birlərini çox sevirmiş. Lakin təbiətləri fərqli imiş. Gün qızmar, isti və hərarətli, Ay soyuq və parlaq imiş. Xasiyyətləri heç cür uyğun gəlmirmiş. Bir gün həmişə gecələr çıxan Ay yubanır səhərə qalır. Gün və Ay hər ikisi bu qəfil görüşdən sevinir. Gün odlu bədəni ilə Ayın buz kimi soyuq bədənini qucaqlayır. Birdən Gün baxıb görür ki, qardaşı yavaş-yavaş əriyib suya dönür və onun yerində dumduru bulaq əmələ gəlir. Gün hönkürtü vurub ağlayır, göz yaşları bulağı doldurur".

Sunay ana igid oğlanlarına bu əfsanəni danışır. Ayxan əsəbləşib durur, qılıncını belinə bağlayır, atına minib dağlara sarı gedir və bir daha obaya qayıtmır.

Günxan təsirlənir, ağlayır. O, qənirsiz gözəl Aylinlə evlənir. Bir il ötür. Oğlanları - təmizqanlı Türk uşağı dünyaya gəlir. Günxan Aylinə deyir: "Oğlumuzun adını Ovsun qoyacağam". Aylin təbəssümlə üzünü ona tutur: "Ömrüm-günüm mən Ayxana söz vermişəm, oğlum olsa onun adını qoyacağam". Günxan sevimli arvadına etiraz edə bilmir, başa düşür ki, Aylin Ayxanı sevirmiş.

- Qoca Türk bu yerdə müdrikcəsinə deyib: Məhəbbət heç vaxt ölmür: Bülbül nəğməsində, quş dilində, çiçək ətrində, körpə qığıltısında, sevən qəlblərdə və bir də əfsanələrdə yaşayır.