"Makron Mərakeş kralına göz ağartdı, o da öz komandasına eyni şeyi etdi və..."

İDMAN 16:32 / 18.12.2022 Baxış sayı: 1005

Artıq dünya çempionatının sonuna yaxınlaşırıq. Bir çox sürprizlərlə yadda qalan mundialın 3-cü yer uğrunda görüşü bu gün Mərakeşlə Xorvatiya arasında keçiriləcək.

Sabah isə finalda Argentina ilə Fransa münasibətləri aydınlaşdıracaq. Ölkəmizdə Argentina azarkeşləri çoxluq təşkil edir. Təbii ki, burda Messi amili əsas rol oynayır. Lakin başqa bir məqam ondan ibarətdi ki, istər ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə, istərsə də 44 günlük müharubədən sonra Fransa Qarabağ məsələsində birmənalı şəkildə Ermənistanın tərəfini tutur, bu ölkənin indiki rəhbəri Emmanuel Makron yerli-yersiz işlərimizə burnunu soxur. Həlledici oyun ərəfəsində Aqil Abbasdan azarkeşlik etdiyi komandanı, kimin çempionluğa daha çox layiq olduğunu və yuxarıda xatırlatdığımız nüansa münasibətini öyrəndik:

“Təbii ki, mən Argentinanın çempion olmasını istəyirəm. Messini çox sevirəm, həddən artıq. Müəyyən ulduz futbolçular var ki, onlara rəğbətim olub. Eləcə də Messiyə. Fransada da Mbappe kimi ulduz var. Amma mənim istəyimlə deyil. Futbolu artıq qumara çeviriblər. FİFA kimi desə, o da çempion olacaq. Xətti çəkib bir millimetrə görə ofsayd qeydə alırlar. Bir millimetr bu tərəfdən çəkəndə isə ofsayd olmur. Fransa Mərakeşə qalib gəldi. Makron gəlmişdi oyuna. Mərakeşin kralına göz ağartdı, o da öz komandasına eyni şeyi etdi. Onlar da halva topları vurdular, qalib gəldilər. Amma Mərakeş çox yaxşı oynadı. Sübut etdilər ki, biz yaxşı futbol oynayırıq. Fransada da güclü oyunçular var. Ağıllı futbol oynayırlar. Amma mən Messiyə görə Argentinaya azarkeslik edirəm. Maradonadan, Peledən sonra Messi azarkeşi olmuşam. Messi də bütün titulları qazanıb, təkcə dünya çempionluğu qalıb. Həm də mən həmişə kasıb ölkələrin qalib olmasını istəmişəm. Fransız olmaq özü xoşbəxtlikdi, amma argentinalı olmaq elə deyil. Məsələn, ABŞ ilə İran oynayanda, İran dövlətindən xoşum gəlməsə də, onların qalib gəlməsini istəyirdim. Həm də orda üç azərbaycanlı oynayırdı. Heç olmasa, onlar da sevinəcəkdi. O ki qaldı siyasi məqama görə bəzilərinin Fransanı xoşlamamasına, bu tam başqa məsələdi. İdman başqa sahədi. Fransadan xoşum gəlmir, salam vermərəm, başqa bir şey etmərəm. Amma meydanda futbola baxıram, futbolu sevirəm. Fransızdı, ya ingilisdi, məni maraqlandırmır. Mənə maraqlı olan futboldu”.(football-plus.az)