Kəmalə Abiyevadan İKİ ŞEİR

Ədəbiyyat 16:40 / 29.11.2024 Baxış sayı: 1145

BAĞIŞLA MƏNİ

Mən sən istəyəndə sevmədim səni

Özüm istəyəndə sevdim ay ana.

Bağışla məni.

Bilmədim qədrini sən istəyəndə

Özüm istəyəndə bildim, ay ana,

Bağışla məni...

Mən sən istəyəndə anlamadım ki,

Özüm istəyəndə anladım səni,

bağışla məni...

nə özüm doyunca, nə sən doyunca

oxşamadım səni,əzizləmədim.

Heç nəyi vaxtında eləmədim mən.

Gec oldu...Gec qaldım...

Gecikdim ana.

Adət eləmişdim gözləməyinə

Sanırdım həmişə gözləməlisən.

Amma ki unutdum ölüm gözləməz

Ölüm sənin kimi səbr edə bilməz.

İndisə oxşayıb, əzizləyirəm

Mən özüm doyunca sevirəm səni...

Gözlərim doyunca sevirəm səni ...

Bağışla nə olar,

Bağışla məni...

Bağışla, ay ana, özüm doyunca...

Bağışla ay ana,gözüm doyunca...

Bağışla məni...

             ***

Bənzədərdim günəşi mən qəlbinə,

Qəlbin kimi gecələr də yansaydı.

Bənzədərdim suları mən səsinə

Kədərimdən səsin kimi donsaydı.

 

Bənzədərdim gözlərini dənizə

Dəniz kimi sahilləri olsaydı.

Ulduzlara baxışların deyərdim

Nuru axıb ürəyimə dolsaydı.

 

Bənzədərdim saçlarını səmaya

Səma qara geyməsəydi hər axşam.

Bənzədərdim səni bütün dünyaya

Dünya sənə bənzəsəydi ay ana.