Kəmalə Abiyeva : - Yağış yağır bu şəhərə

Ədəbiyyat 19:01 / 29.10.2022 Baxış sayı: 4818

Yağış yağır bu şəhərə

gör nə gözəl bir gecədi.

Bir sən,bir mən bu şəhərdə,

bir də yağışlı gecədi.

Bu gün göylər nəğmə deyir,

ürəyində sözü varmış.

Bu məhəbbət nəğməsini

görən hardan bilir yağış?

Bəlkə göylər bu torpağa sevgisindən söhbət açıb?

Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçıb...

Bu gecənin yuxusu da gözlərində alışıbdı.

Bu yağışın qoxusu da nəfəsinə qarışıbdı.

saçlarında,əllərində

damcıların parıltısı.

Qəlbimizə axıb gedir

bu yağışın pıçıltısı.

Yağan yağış sanki göyün

sevgimizə heyrətidi.

Bəlkə yağan yağış deyil,

könlümüzün həsrətidir?

Bu gecə də, bu yağış da,bu şəhər də bizimkidi.

Bu gecədən bizə baxan açılacaq sevgi dolu

o səhər də bizimkidi.