Kəmalə Abiyeva : - Şuşadan  çıxmayanlardan biri...

YAZARLAR 10:15 / 16.03.2023 Baxış sayı: 3739

 

Bayramdı bilirəm. Bu əziz gündə onları da yad edək.Son nəfəsinə kimi Şuşadan çıxmayanları. Görəsən neçəsinin adını bilirik?Ruhunuz şad olsun igidlər.

O elə Novruz bayramı ərəfəsində dünyaya gəlib…11mart.

Həyat həm gözlənilmədən sevinc yaşadar, həm də gözlənilmədən bir qara daş olub çırpılar qapına, bacana, sakitliyinə... Və ən ağrılısı odur ki, oturub düşünərsən: Bu daş qəfil idimi, həyatın üzümü çöndü? Yanıb, yanıb kül olarsan. Qəfil deyildi heç nə - yanında, gözünün qabağındaydı bu xəyanət daşı.

Kim deyir ki, ermənilərin xəyanətindən xəbərsizdik? Kim deyir ki, bir gün qara daş kimi düşməyəcəkdi həyatımıza? Kim güvənirdi ki, bu dostluğa? Heç kim. Əmin olmadığına güvənə bilməzsən.

Hər birimiz bunu bilirdik. Hamı kimi şuşalılar da bilirdi.Görməzdən gəldiyimiz, qulaqardına vurduğumuz, üzünə baxmadığımız həqiqət bir gün yenə də zorla evimizə, yuvamıza, ürəyimizə təpildi və böyük faciəsinə səbəb oldu...

Ruslanla Nasirin faciəsi kimi: ikisi də Şuşada doğulmuşdu, ikisi də Şuşaya qarışdı.

Altı övladdan beşincisi: Ruslan Hüseynqulu oğlu Bağırov

Hüseynqulu müəllimlə Zərif xanımın ailəsi Şuşanın xoşbəxt ailələrindən idi. 6 övlad böyüyürdü ailədə: Elman,Yelmar, Fərman, Lyudmila, Ruslan, Nasir.

Ailənin 5-ci övladı dünyaya gələndə təbiətin ən gözəl vaxtıydı. Yaz gəlirdi. Şuşa əsrarəngiz gözəlliyə bürünür yazda. Dağı-daşı gül açır mart ayında. Ailənin dördüncü oğlu 1956-cı il martın 11-də anadan oldu. Hüseynqulu müəllim Puşkin yaradıcılığını sevdiyindən oğluna Ruslan adını verdi. Yeganə qızının adı isə Lyudmila idi.

Ruslan da özündən böyük qardaşları və bacısı kimi ata qayğısı, ana sevgisiylə böyüdü, Şuşa şəhər 4 saylı orta məktəbdə təhsil aldı. Orta məktəbi bitirib Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitetə) qəbul olundu. Ali təhsilini başa vurub öz el-obasına qayıtdı: əvvəlcə Şuşada Mənzil İstismar İdarəsinin müdiri, sonra peşə məktəbində direktor müavini oldu. Bütün gənclər kimi xəyallar quran, sevib-sevilən vaxtı idi. Aşiq oldu. İngilis dili müəlliməsi olan Rəhilə xanımla ailə qurdu. Emil və Zərifin atası oldu. Xoşbəxt idi Ruslan. Şuşanın bir gün od tutub yanacağından xəbərsiz idi. 1988-ci il hadisələri başlayanda ermənilərin ağlasığmaz vəhşiliklər edəcəyindən də xəbərsiz idi.

Ölkədə vəziyyət qarışmışdı. Rusiya 1990-cı ilin yanvarında çiyin-çiyinə verib Sovet Ordusunun tanklarının qarşısına çıxan, 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı düşmən gözündə görürdü. Bu "özbaşınalıq" cəzalandırılmalıydı. Erməniləri dəstəkləməklə cəzalandırıldı Azərbaycan. Qarabağda ermənilər vəhşiyə döndü. Yerli əhali işgəncələrə, kəndlər, rayonlar işğala məruz qaldı. 1992-ci ilin fevralında əsrin faciəsi - Xocalı soyqırımı baş verdi.

Hər kənd, hər qəsəbə isə qorunurdu. Könüllü özünümüdafiə batalyonları yaranırdı. Ruslan da torpağı uğruna döyüşlərə qatıldı. Milli qəhrəman Ramiz Qənbərovun başçılığı ilə yaranan özünümüdafiə batalyonunda rota komandirinin müavini idi baş leytenant Ruslan Bağırov. Son anacan doğma şəhərini qorudu Ruslan. Rusiyanın Hərbi bazalarından atılan qradlar gözəl Şuşanı alovlara qərq edənə, erməni və rus silahlıları şəhərə girənə kimi döyüşdü Ruslan. Qardaşı Nasir kimi...

Bir 1 nəfər şəkili ola bilər