Fəridə Rəhimli : - ANAMIN ƏTRİ

YAZARLAR 08:33 / 27.02.2024 Baxış sayı: 2720

Körpə yaddaşı ağ kağız kimidi, deyirlər, nə yazılsa, qalır. Hətta danışmağa başlamamışdan əvvəl baş vermiş hər hansı hadisəni dil açandan sonra xatırlayıb, danışan uşaqlar çox olur. Məhz təmiz yaddaşa yazıldığından o uşaqlıq xatirələri bütün ömür boyu bizi tərk etmir. Maraqlıdır ki, sonralar baş verənlərin çox qismini unutsaq da, uşaqlıq xatirələrini unutmaq mümkün deyil.
İllərlə unudulub, yaddaşın küncündə gizlənmiş elə xatirələr olur ki, bir qoxunun, bir sözün, bir musiqinin, bir jestin təsiriylə yaddaşda yenidən təzələnir, sahibini nostalji hisslərə qapılmağa, onun əlindən tutub uzaqlara getməyə vadar edir.
...Avtobusda pəncərə qarşısında oturmuş gözəl bir xanımın ətrinin qoxusu məni vuranda... özümdən asılı olmadan sürətlə xatirələrin qanadında qırx il əvvələ yol aldım.
... Anamın göy paltarda, qucağında körpəsi olan təsviri gözlərim önündə canlandı: Qonşu uşaqlarla həyətdə oynayarkən sevinclə, anam gəldi!-deyə, qışqıran bacımın səsini eşitdim. Hamımız onun üstünə qaçdıq. Anam elə gözəl görünürdü ki... Ağappaq bənizi ilə uyuşan göy rəngli paltarı və qucağındakı yeni həyat, yeni nəfəs... Körpə ətri ilə anamın ətri bir-birinə qarışaraq məndə anlamadığım bir xoşhallıq yaratmışdı...
Özümü toplayıb xanımdan duxunun adını soruşmaq istəyəndə o, artıq avtobusdan çoxdan düşmüşdü...
Sorağında illərlə gəzib, yorulanda rast gəlmişdi mənə o ətrin iyi. Adını bilmədiyimdən tapa bilmirdim. Ancaq qoxusu ilə tapa bilərdim. Tapsaydın neyləyəcəkdin ki, soruşanlar ola bilər... Əslində, bilmirəm. Yəqin ki, heç nə!
Lap çoxdan bir hekayə oxumuşdum: oğul körpə uşaq olarkən ata-anası, bacı-qardaşı ilə olan xoşbəxt ailə tablosunu illərlə xatirəsində qoruyaraq yaşadır və illər sonra, artıq özü ailə-uşaq sahibi olarkən o illərə qayıtmaq, anasının geyindiyi indiqo parçadan tikilmiş paltarda, qara saçlarını çiyninə tökərkən necə gözəl göründüyünü xatırlayaraq, həmin parçadan alıb, ona paltar tikdirmək istəyir. Və o paltarı geyinərkən anasını gənclik illərindəki kimi görəcəyini sanır. Çox çətinliklə o parçanı tapır, anasının bədən ölçüsündə tikdirir və sevinə-sevinə evə gəlir. Anası paltarı geyinib çıxanda isə... oğul onu boğan kədərdən nə edəcəyini bilmir... o paltar artıq anasını gəncliyindəki kimi şux, gözəl göstərmirdi, çiyninə tökülən saçı isə ağappaq idi... Bir indiqo parça ilə anasının gəncliyini qaytaracağını təsəvvür edən oğul xəyal qırıqlığına uğramışdı...
İndi mən o ətri tapıb alarkən "İndiqo" hekayəsi sayəsində, (təəssüf ki, müəllifin adını unutmuşam -F.R ) artıq nəyə uğrayacağımı bilsəm də, axtarmaqdan vaz keçə bilmirdim. O ətrin iyini yenidən anamdan alaraq, heç olmasa, bir an da olsa, o illərə qayıdarkən əldən çıxmış xoşbəxt uşaqlığımı xatırlayaraq ağlayıb, ürəyimi boşaldacaqdım.
Anamın su sonası kimi gözəl bir gəlin olduğu, yeddi uşağın yorulmadan, usanmadan əziyyətini çəkdiyi, atamla çiyin-çiyinə hər çətinliyə qatlanaraq həyatından şikayətlənmədən özünü xoşbəxt sandığı o illərə dönəcəkdim. İndi xəstəliyin cəngində çapaladığı və nə bizim, nə tibbin kömək edə bilmədiyi bir zamanla o illəri görüşdürəcəkdim. Əmindim ki, o zaman ürəyim boşalacaqdı.
Bu uşaqlıq xatirəsi məni heç tərk etmədi. Məndən altı yaş kiçik olan qardaşımı doğum evindən gətirərkən anamın geyindiyi göy rəngli düz paltarı (O vaxt kənd qadınları qat-qat üst - üstə tumanlar geyinərdilər. Tək - tək ziyalı xanımları belə donlar geyinirdilər), paltarın yaxasındakı üç dənə süd rəngli halqalar, başındakı süd rəngli yaylıq və heç unutmadığım ətir iyi... Ağlım kəsəndən o qoxuda ətri axtarıram. O tapıntı nəyi dəyişəcək, bilmirəm, amma mənə elə gəlir ki, o duxunun təkrarı, əvəzi yoxdu. O ətri hələ axtarıram... anamın gəncliyini mənə qaytaracaq o sətri...