Əsəd Cahangir : - Sözümüzün bəy əfəndisi  ELÇİN-80

YAZARLAR 09:00 / 24.05.2023 Baxış sayı: 3748

 

Əziz Elçin müəllim!

Bununla ikinci dəfədir ki, sizin yubileyiniz haqqında yazıram. Bir dəfə 20 il öncə 60 yaşınız olanda, bir də indi – 80 yaşınız ərəfəsində! Bu 20 ildə mən xeyli yaşlanmış, az qala 60-a çatmışam. Siz isə sözün yaxşı anlamında, heç dəyişməmisiniz, əvvəlkindən də artıq şövq, həvəs, eşq, ehtirasla yazıb-yaradırsınız. Hamı, ən azı, çoxluq illərlə yaşlanır, bu yaşlılıq onların yazılarına da yansıyır, düşüncələrinə də, zahiri görkəmlərinə də təsir edir, davranışlarına da. Siz isə təkcə dolabınızın üstündəki zəngli saatın yox, sanki başınızın üstündəki zamanın da qulağını burur və deyirsiniz: otur yerində! Ədəbiyyat və ədəbi proses sizin bu inadkar, yorulmaz ruhunuzla gözəldir! Sizi həmişə belə optimist görək!

Orta və ali məktəb illərindən bəri mənim çox sevdiyim, bəzən hətta pərəstiş elədiyim filosof, ədəbiyyatşünas, dilçi, sənətşünas, esseist, publisist və tənqidçilər olub – Mehdi Hüseyn özünün on cildliyinin doqquzuncu cildi, Fuad Qasımzadə “Qəm karvanı, yaxud zülmətdə nur”, Ağamusa Axundov “Şeir sənəti və dil”, Cəfər Cəfərov “Azərbaycan Dram teatrı”, Yaşar Qarayev “Realizm, sənət və həqiqət”, Anar “Dədə Qorqud dünyası”, Akif Hüseynov “Sənət meyarı”, Sabir Əliyev “Füzulinin poetikası”, Sabir Rüstəmxanlı “Ömür kitabı”, Kamal Abdulla “Gizli Dədə Qorqud”, Rafael Hüseynov “Min ikinci gecə”, Nizami Cəfərov “Füzulidən Vaqifə qədər” kitabları ilə… Bu kitabların bəzilərini mən yatanda yastığımın altına qoymuş, duranda sinəmin üstündə oxumuşam! Onlar həyatımın bəlli bir dövründə mənim ədəbi ayələrim, bədii surələrim, qutsal kitabım olub! Tələbə vaxtı dönə-dönə oxuduğum “Klassiklər və müasirlər” kitabınızla bu şəxslər sırasında siz illər boyu özəl yer tutmusunuz.

Bir sıra məqalələrinizin Ümumittifaq müsabiqələrində birincilik qazanması ilə iftixar hissi duymuş, belə müsabiqələrdə nə vaxtsa yer tutmağı xəyalımdan keçirməsəm də, sizin qənaətlərinizin ciddilik, səmimiyyət və obyektivliyinə inanmış, sizin kimi yazmaq, sizin kimi təfərrüat incəliklərinə varmaq, elmi fikri oxucu ilə sizin kimi dialoq halına gətirməyə çalışmışam. Baxın, səksən illik yubileyinizdə məhz bu janra üz tutmağımın səbəblərindən biri də “Quyu” povestinin müəllifi, unudulmaz İsi Məlikzadəyə vaxtilə yazdığınız və oxumağımdan az qala 40 il keçməsinə baxmayaraq, hələ də unutmadığım o ərkyana qayğıkeşliklə dolu, səmimi açıq məktubdur. Nə xoş ki, o məktublardan yenə də yazırsınız və əminəm ki, hələ çox illər bundan sonra da sizin qocalı-cavanlı söz adamlarına məktublarınızı oxuyacağıq. Bunlar sizin insana ehtiram, sözə sevgi məktublarınızdır. Allah sizi bu ehtiram, bu sevgidən heç vaxt məhrum eləməsin!

Siz yaşca özünüzdən böyüklərin yolunu gözləməyin, öz yaşıdlarınız və özünüzdən sonrakıların uğuruna sevinməyin, nöqsanlarına göz yummamağın gözəl örnəklərini göstərmiş, görənlər və qananlar üçün bəlli bir etiket müəyyənləşdirmiş ustad yazıçısınız. Bəy nəslindən olmağınız, fitri kübarlığınız ədəbi istedad və geniş intellektinizlə birləşərək sizin xarakter və davranışlarınıza təkrarsız bir özəllik verir. Bu yöndən bir faktı həmişə ehtiramla xatırlayıram. Yazıçılar Birliyinin 2004-cü ildəki qurultayından sonra “Avropa” hotelində keçirilən ziyafətdə öz yerinizdən qalxaraq, artıq yaşlanmış, gözləri zəif görən, bizə sanki başqa bir dünyadan baxan İsa Muğannaya yaxınlaşmağınız və onun yanında əyləşərək, əlinizi onun çiyninə qoyaraq hal-əhval tutmağınız, ümumən, ona necə böyük ehtiram, hörmət-izzət, qayğı, sayğıyla yanaşmağınız bizim üçün heç vaxt unudulmayacaq və çox şeylər görüb-götürə biləcəyimiz bir ustad dərsi idi. Anarın sizə həsr elədiyi məqalədən görünür ki, haqsız hücuma məruz qalana mənəvi dəstək durmağı siz gənc yaşlarınızdan özünüzə vicdani borc bilmiş, ədəbi döyüşlərin ən kəskin vaxtarında belə, heç vaxt haqqı nahaqqa verməmiş, mizan-tərəzini daim düz tutmusunuz. Yazıçılar Birliyinin Natəvan klubu bir lövhi-məhfuz kimi öz daş-divar yaddaşında bu barədə, yəqin ki, çox şeyləri hifz eləyir. Mən də öz həyatımda indi detallara varıb açıqlamaq istəmədiyim gərgin anlar yaşamışam və bəxtim gətirib, sizin gözlənilməz dəstəklərinizin ünvanı olmağı Allah mənə də nəsib edib! Bir dəfə yox, ardıcıl olaraq bir neçə dəfə! İndi – bu yubiley gününüzdə alicənablığınızın qarşılığı olaraq ürəkdən gələn minnətdarlıq sözlərimi qəbul etməyinizi xahiş edirəm: – Çox sağ olun!

Son 30 ildə yazıçının da, oxucunun da ədəbiyyata münasibəti dəyişib, bədii söz bəzən özünün toplumsal mərkəzi mövqeyindən onun bir kənarına çəkilmək zorunda qalıb, yaxud buna məcbur edilib və sizin kimi qələm sahibi istəyib ki, öz çiynini ədəbiyyatı bir zamankı mövqeyinə qaytarmaq yükünün ağırlığı altına versin. Son 20 ildə ədəbi tənqid, poeziya, sosrealizm, ümumən ədəbi proseslə bağlı silsilə yazılarınız, eləcə də ayrı-ayrı ünlü və gənc şair-yazıçılara həsr olunan, ədəbi prosesə bir hərarət, canlanma gətirən, yön və ton verən, hər kəsə öz layiq olduğu yeri göstərən məqalələriniz bu təqdirəlayiq qeyrət duyğusuyla yazılıb və sözün cəmiyyətdəki mövqeyini yüksəltmək kimi ali məqsədə xidmət edib. Yazıçılar da, oxucular da bilib ki, mənfili-müsbətli heç nə sizin iti nəzərlərinizdən yayınmır, siz bəzən ən xırda təfərrüatlarına qədər hər şeyi görür, özünə layiq qiymətləndirirsiniz və bundan hamı öz hesabını götürüb, özünü yığışdırıb, əyər-əskiyini düzəltməyə çalışıb.

Elə adamlar var ki, illər keçdikcə üstündən gedir, elələri də var ki, üstünə gəlir, eləcə də sənətkarlar. Bu yöndən sizi illər keçdikcə sənətdəki mövqeyi güclənən, hörməti artan ünlü Entoni Hopkinsə bənzədirəm. Məncə, sizin on illər keçdikcə sözün bütün anlamlarında formada qalmağınızın bir əsas səbəbi var – vaxtaşırı özünüz özünüzdə bir inqilab eləməyi, bir devrim yapmağı bacarmaq! Kim bir çoxlarının qələmi yerə qoyduğu, bitib-tükəndiyi 50 yaşdan sonra dramaturgiyada bu qədər yenilikçi uğurlara imza atıb? Əlbəttə, aydındır ki, siz İlyas Əfəndiyev kimi dramaturji dühanın ailəsində dünyaya göz açmış, uşaqlıqdan teatr mühiti ilə sıx əlaqədə olmusunuz, o vaxt səhnəyə qoyulmasa da, “Poçt şöbəsində xəyal” adlı ilk insenirovkanızı hələ 70-lərin başlanğıcında eləmisiniz. Amma üstündən 20 il keçəndən sonra yazdığınız, sizi müstəqillik dövrü dramaturgiyamızın modern qanadının flaqmanına çevirən “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Dəlixanadan dəli qaçıb”, 2000-lərdən sonra yazdığınız “Cəhənnəm sakinləri”, özəlliklə də, postmodern dramaturgiyamızın əsasını qoyduğunuz “Qatil”, “Teleskop” pyeslərinizi hər şeyin yanı sıra bir yazıçının daxili inqilabının, yeniləşmə, başqalaşma istəyinin uğurlu sonucları saymaq lazım gəlir. Özü də o dərəcədə uğurlu ki, bəziləri dünya səhnələrini gəzib dolaşan bu pyeslər olmadan özgürlük dönəmi teatr sənətimizi təsəvvür etmək mümkünsüzdür.

Hələ doxsanıncı illərdə böyük Molyerdən çevirmələrinizi oxumuşam və sizin mənim üçün ən ilginc, qiymətli, təkrarsız yönlərinizdən biri məhz teatral istedad və bilginizlə, səhnə sənətinə, az qala Molyer sevginizlə bağlıdır. 80-lərin başlanğıcında “Qobustan” jurnalında dərc olunan, Jan Anuyun “Medeya” faciəsi əsasında rejissor Mərahim Fərzəlibəyovun hazırladığı eyniadlı tamaşa haqqındakı “Təzadların faciəsi” məqalənizi hələ də unutmamışam. Məncə, Mehdi Hüseynin “Maqbet Azərbaycan səhnəsində”, Cəfər Cəfərovun “Təklik faciədir” məqalələri kimi “Təzadların faciəsi” də milli teatrşünaslığımızın qızıl fonduna daxil olub.

Amma siz, əlbəttə, ilk öncə modern Azərbaycan nəsrinin ən parlaq təmsilçilərindən birisiniz, özü də az qism nasirlərdənsiniz ki, illər keçdikcə özünüz kimi, sözünüzün də bədii çəkisi nəinki azalmır, əksinə, daha da artır. Gənclik illərində yazdığınız “Baladadaşın ilk məhəbbəti”, “Qırmızı ayı balası”, “Talvar”, “Parisdə avtomobil qəzası”nın öz üstünlükləri olduğu kimi, 2000-lərdən sonra yazdığınız “Sarı gəlin”, “Göy üzünün ulduzlu vaxtları”nın da öz yeri var. Görəsən, son 20 ildə yazdığınız “Bayraqdar”, yoxsa ötən yüzildə qələmə aldığınız “Toyuğun diri qalması”, “Gümüşü furqon”, “Dolça” povestləriniz daha üstündür? O illərdə meydana çıxan və milyonların rəğbətini qazanan “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, yoxsa son 10 ildə yazdığınız “Baş” romanı daha ilgincdir? Bu sualların cavabı birmənalıdır – hər ikisi. Amma “Sarı gəlin” öz yazı və düşüncə texnologiyası ilə, əlbəttə, cavanlıq hekayələrinizdən, zərgər işini xatırladan “Gül dedi bülbülə”dən daha mürəkkəbdir. “Bayraqdar” sizin ədəbiyyatımızın bayraqdarlarından biri olduğunuzu yeni tarixi dönəmdə bir daha təsdiq elədi. “Baş” isə öncəki romanlarınız və ümumən bütün nəsrinizdən, ən azı, bir baş yüksəkdir. Milli bədii nəsr düşüncəmizdə metafizik varlığın, insan ruhunun ilk dəfə baş qəhrəmana çevrildiyi heyrətamiz dərəcədə gözlənilməz “Baş”ı roman-möcüzə, roman-kəşf, roman-açılış, roman-vəhy də saymaq olar! Siz bu romanınızla bədii nəsr düşüncəmizin metafizik Amerikasını açmısınız. Bu kolumbiadanı sizin ardınızca getməyə kiminsə gücü yetəcəkmi? Bunu artıq zaman göstərəcək!

Sizin də, mənim də yaşıdlarımız arasında, açıq və gizli surətdə məni qınayanlar olub və olur ki, niyə Elçindən çox yazırsan, bu, onun tutduğu vəzifə ilə bağlıdırmı? Bəli, doğrudan da, sizin 60-cı illərdən bu günlərə qədər Azərbaycan Yazıçılar Birliyinin katibi, “Vətən” Cəmiyyətinin sədri vəzifələriniz, özəlliklə də Baş Nazirin müavini kimi yüksək dövlət görəviniz olub! Amma hər kəs öz arşınıyla ölçür və mənə irad tutanlar anlamayıb ki, sizin mənim nəzərimdə dəyişməyən bir görəviniz var – yazıçılıq! Ən yüksək bir kürsünüz var – yazı masası! Allah bu ilahi görəvi heç vaxt sizə çox görməsin! Sizi həmişə əlində qələm, yazı masası arxasında görək!

Sözümüzün bəy əfəndisi!

80 yaşınız qutlu olsun!

Mənbə: https://edebiyyatqazeti.az/