ƏLVİDA, ƏZİZ ŞAİR DOSTUMUZ ƏHMƏD SÜLEYMANOV

Vida sözü
ƏLVİDA, ƏZİZ ŞAİR DOSTUMUZ ƏHMƏD SÜLEYMANOV
Özünü darta-darta
Şir çıxışa başladı.
Onun hər kəlməsini
Tülkülər alqışladı...
Yuxarıdakı tək bircə bəndlik təmsil şair Əhməd Süleymanova məxsusdu. O, 10 noyabr 1938-ci ildə Yevlax rayonunun Köyük kəndində anadan olub. Kəndlərindəki orta məktəbi bitirəndən sonra təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsində davam etdirib və 1967-ci ildə ali təhsilli mütəxəssis kimi kəndlərindəki kolxozda işə başlayıb.
İnstitutda oxuduğu illərdə Azərbaycan Yazıçılar İttifaqının Kirovabad (Gəncə) filialının fəal üzvlərindən biri hesab edilib. O vaxtlar Fəridə Əliyarbəylinin rəhbərlik etdiyi filialda Qərib Mehdiyev (Qərib Mehdi) Bahadur Abdullayev (Bahadur Fərman), Rübail Allahverdiev (Rübail) və digər gənc qələm sahibləri ilə tanışlığı onun şair kimi püxtələşməsində mühüm rol oynayıb. Kirovabadda (Gəncədə) nəşr edilən qəzetlərdə, o cümlədən Yevlax rayon qəzetində bir neçə şeiri dərc olunub, yerli radioda həmkarlarıyla bərabər çıxışlar edib. Yaradıcılığa başladığı ilk günlərdən demək olar ki yazdığı təmsilləri ilə oxucuların diqqətini çəkib.
Əmək fəaliyyətinə başlayandan sonra da asudə vaxtlarında ədəbi yaradıcılığını davam etdirib. “Kirpi”, “Kənd həyatı”, “Təşviqatçı” jurnallarında, “Sovet kəndi” qəzetində xeyli sayda təmsilləri və satirik şeirləri işıq üzü görüb.
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsi fəaliyyətə başlayanda həmin ünvana ilk dəfə üz tutan yazarlardan biri də Əhməd Süleymanov olub...
2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub, “Qızıl qələm” media mükafatına layiq görülüb. AYB Mingəçevir bölməsinin ədəbi orqanı olan “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) jurnalında xeyli sayda təmsili oxuculara təqdim olunub. Bölmə rəhbəri kimi mənim təqdimatımla “Zaman”, “Yeni avaz”, “Yeni Azərbaycan”, “Səhifələr”, “Səda”, “Ədalət” və “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirləri ilə tanınıb.
AYB Mingəçevir bölməsinin xəttiylə nəşr olunan “Aranın söz sovqatı” (2014), “Uzaqdan gələn səs” (2016), “Bir ocağın şöləsiyik” (2018) və “Ruhumuzun yaz havası” (2022) adlı almanaxlarda da yetmişə yaxın təmsili oxucu ünvanı soraqlayıb...
Təbiətən sakit, mülayim,-xətir-hörmətli bir şəxs idi Əhməd Süleymanov. Son iyirmi il ərzində ayda bir dəfə 65-70 kilometrlik məsafəni qət edərək (yaşadığı kənd Tərtər rayonu ilə həmsərhədd idi) bölmədə keçirilən yaradıcılıq günlərində iştirak etməyi özünə borc bilirdi. Şeirlərini oxuyandan sonra ünvanına deyilən xoş sözlərdən uşaq kimi sevinir, sonra da mənə xitabən: “Qağa, yolum uzaqdır, avtobusa gecikə bilərəm, icazə versən, gedim”-deyərək hamımızla sağollaşıb yola çıxardı...
Son iki ildə yaşlandığından, həm də arabir xəstələndiyindən bölməyə gəlişi seyrəkləşmişdi. Mingəçevirə gəlmək fikri olmayanda yaradıcılıq günümüzdən bir gün qabaq zəng edib: “İsmayıl qağa, məni üzrlü hesab elə, bu dəfə gələ bilməyəcəyəm, xahiş edirəm yoldaşlara mənim salamımı çatdır”,-deyərək üzrxahlıq edərdi...
Əhməd Süleymanov yaxın keçmişdə təmsil ustaları kimi tanınmış Hikmət Ziya, Mərkəz Qacar... kimi bu janrda milli ədəbiyyatımıza bir-birindən gözəl söz töhfələri bəxş edən qələm sahibi idi. Bununla belə, onun ulu öndərimiz Heydər Əliyevə həsr etdiyi poema da diqqətdən kənarda qalmamışdı...
Bu yazıda istedadlı şair həmkarım Əhməd Süleymanov barədə keçmiş zamanda olduğu kimi bəhs etmək şəxsən mənimçün çox üzücü bir haldır. Dünən axşam onun telefonundan zəng gələndə çox sevindim, elə bildim ki şairin özüdür, danışan. Hal-xoş etmək istəyəndə məlum oldu ki telefondakı oğludur. Hüzn dolu səslə bildirdi ki xeyli vaxtdan bəri xəstə olan şair bir neçə gün qabaq dünyasını dəyişib...
Əhməd Süleymanov ömrü boyu dünyaya göz açdığı kənddə yaşadı, halal zəhməti sayəsində övladlarını böyütdü, nəşr etdirdiyi üç şeir kitabını və yüzlərlə şeirini oxuculara əmanət verib, bu “gəlimli-gedimli, son ucu ölümlü” dünyanı tərk edərək getdi. Allah rəhmət eləsin!..
P.S. AYB-nin Mingəçevir bölməsində təmsil olunanların və özümün adından unudulmaz şair dostumuz Əhməd Süleymanovun ailə üzvlərinə, yaxın qohumlarına, bütövlükdə isə Köyük kəndinin əhalisinə dərin hüzn hissiylə başsağlığı verir, mərhuma Ulu Tanrıdan rəhmət diləyirəm. Məkanı cənnət, ruhu şad olsun...
İSMAYIL İMANZADƏ
30.07.2024, saat 22-15