Elnur Uğur Abdiyev : - Məndən soruşursan...

Ədəbiyyat 12:07 / 28.08.2024 Baxış sayı: 2360

Məndən soruşursan necəsən indi,

İkiyə bölünmüş Vətənim kimi!

Gah olur sevincim güləşir ərşlə,

Gah olur qəm olmur heç qəmim kimi.

 

Məndən soruşursan necəsən indi,

Soruş ki neçədir bu məndəki mən?

Hər gün yaddaşımda bir cızıq çəkir,

Bəlalı məmləkət, bu Ana Vətən!

 

İkiyə bölünmüş bu tək ürəyin,

Düz tən ortasında Araz infarktı.

Min ildə ötüşsə bu yara üstdən,

Heç Təbib sağaltmaz bu yara- faktı.

 

Soruşma necəsən soruşma nolar?

Mənim gecələrim saçından qara.

Bizim tərəflərdə eycahan candı,

Sizin tərəflərdə bikar,avara!

 

Taleyi əzəldən qarabuğdayı,

Bu Ana Vətənin Ana dərdi var.

Bu dərdlər qoynunda necəyəm,bildin?

Soruşma necəsən,soruşma,nolar?!