Elnur Uğur Abdiyev - İşıq sürətiylə dəyişir bəşər

Ədəbiyyat 10:42 / 19.11.2026 Baxış sayı: 809

İşıq sürətiylə dəyişir bəşər,

Hər köhnə yenidə köhnəlir ölür.

Beyindən torpağa nə vaxt dən düşər,

O vaxt təsdiqində bir inkar gülür.

 

Adamdan adama uzanır adam,

Qan ətə qarışır sümük olmağa.

Hər gün bir ölümlə bir yer boşalan,

Dünya boşalır ki, yenə dolmağa.

 

Dəyişir əynimiz özündə hər gün,

Ruhumuz çatladır qəfəs dərini.

Baxsana ömrümüz bir ovuc tütün,

Bir burum tüstüdə alır yerini.

 

Yanırıq yanmasaq var deyilik ki,

Yansaq, işıqlanır ətraf qaranlıq.

Yanır qurtaranda heç demirik ki,

Şükr olsun, hardasa, nəyəsə yandıq