Elman Eldaroğlu : -Zülümov dedi, qurtardı...”

MƏDƏNİYYƏT 08:44 / 22.03.2024 Baxış sayı: 2400

 

Lütfəli Abdullayev- 110

İlahi, görəsən bu məmləkətdə mədəniyyət nazirliyi varmı? Varsa başları nəyə və ya kimə qarışıb? Axı qalib bir ölkənin mədəniyyət naziri o qədər əhvalı xoş, diqqətli, həyatdan xoşbəxt olmalıdır ki, onun bu xoşbəxtliyindən hamıya pay düşə bilsin...

Anlaya bilmirəm, Lütfəli Abdullayev boyda bir nəhəngin 110 illiyi olur, fəqət mədəniyyət nazirliyi buna biganə qalır. Ay başınıza dönüm, Lütfəli Abdullayev üç nəsil azərbaycanlıların sevimli xalq artisti olub. Bizim, atalarımızın və babalarımızın. Hələ retro filmləri sevən gəncləri demirəm...

Ayə, ay qadanızı alım, martın 21-də Hüseynağa Sadıqovun, bu gün, martın 22-də də Lütfəli Abdullayevin 110 illik yubileyini mədəniyyət nazirliyi görməzdən keçir, yoxsa, bu nazirlikdə çalışanlar o qədər dünyagörmüş adamlardır ki, biz avamlar onları dərk edə bilmirik?

Bəlkə elə belə də lazımdır?

Bəşir Səfəroğlunun sözü olmasın: "Ölünün də qıdığı gələr? Öldü, qurtardı, vəssalam…"

Ay kişilər, Lütfəli Abdullayev aramızda olmasa da, çəkildiyi filmlərdəki yaratdığı obrazlarda hələ də yaşayır və insanların zövqünə sığal çəkir...

Əşi, danışıb-danışıb özümü niyə yoruram ki, onsuz da mədəniyyət nazirliyi öz bildiyini edir...

Heyf səndən, ay Lütfəli, bilsəydin ki, vaxt gələcək mədəniyyət nazirliyi səni saya almayacaq, heç aktyor da olmazdın, ömrünü balalarına, qohum-əqrəbana həsr edərdin...

Sən elə bilirsən ki, mədəniyyət nazirliyinin bəhanəsi yoxdur?

Əlbəttə ki, var. Deyəcəklər ki, bayram günlərinə düşüb. Deyən də olmayacaq ki,- "Ay pir olmuşlar, bütün dünya belə tədbirləri istirahət, bayram günlərində də edir. Ona görə ki, insanlar asudə vaxtlarında mədəni istirahət edə bilsinlər.”

Bir də ki, amerikalıların sözü olmasın; “Mədəniyyət heç vaxt istirahət etmir, o həmişə ayaq üstədir…"

"Əhməd haradadır?"- filmində dediyin kimi: "Olmaz! Rəis məşğuldur, elə mən də məşğulam. Zülümov dedi, qurtardı!"

...Hə, yoldaş "Zülümov", 110 yaşın mübarək!..