Əlizadə Nuri : - Daş

Ədəbiyyat 10:20 / 12.02.2024 Baxış sayı: 2961

 

Daş altda ilan var, daş üstə yalan,

Mən hansı üzünə çevirim daşı?

Bir daşa sirrimi pıçıldamışam-

Daş sirri saxlayar, ya sirrim daşı?

 

Üzü hara getsəm, daşa sarıyam,

Torpaq da sevmədi daş adamını.

Bir qızın evinin daş hasarıyam-

Belə qoruyuram onun damını.

 

Adam var yaşamır, çevrilir ancaq,

O halı torpaqdı, bu halı daşdı.

Bu daşa əlini çəkmisən, gözəl-

O gündən bu daş da bahalı daşdı!

 

...Bu Allah evidi, tacir yuvası?

Mənə də daş verin, döyüm bu dərdi.

Şeytana atılan daşları yığıb,

Nə qədər kasıba koma tikərdik...

 

...Yetimin göz yaşı çağırır səni,

Bəlkə durmayasan, gedib siləsən?

Sən ki ürəyinə daş bağlamısan

Deməli, adam yox, daş abidəsən...

 

...Daş altda ilan var, daş üstə yalan-

Mən hansı üzünə çevirim daşı?

Bir daşa sirrimi pıçıldamışam,

Daş sirri saxlayar, ya sirrim daşı?!