Əlizadə Nuri - Bir ipək köynək kimiyəm
Ədəbiyyat
14:00 / 18.07.2026
Baxış sayı: 381
Bir ipək köynək kimiyəm
Şirin-şirin al canımı-
Qılıncında şəkər saxla.
Bu gün bir az öldür məni
Sabaha da şikar saxla!
Bəlkə mən eşq torpağıyam-
Bəlkə elə pirəm, zalım?
Hər gün səni çağırsam da
Adını bilmirəm, zalım.
Özgəsinə qıyma məni,
Özün elə sitəm mənə.
Bir ipək köynək kimiyəm-
Yaman tez batır qəm mənə.