Əlisəfa Azayev : - Müqəddəs məkan!..

YAZARLAR 13:03 / 17.09.2024 Baxış sayı: 1512

Hər dəfə Hacıqabuldan keçəndə, olanda istər-istəməz Zeynal həkimli günlərimizi xatırlayıram. Həkim həyat yoldaşımın dost-doğma dayısı idi. Təcrübəli, qayğıkeş həkimdən əlavə, həm də gözəl insan idi o... Stomatoloq – diş həkimi idi. Onun düzəltdiyi dişlərdən razılıq hissi ilə danışardılar.

Həkim ailəli idi. Bir qızı, bir oğlu ilə Bakıda, o vaxtlar sayılıb-seçilən bir yerdə... Mərkəzdə, Bakı Sovetinin binasına yaxın, Səadət sarayı yerləşən küçədə yaşayırdılar. Özü isə bir müddət ağır zəlzələdən sonra Türkmənistanın Aşqabad şəhərinə getmiş, orada həkim işləmişdi. Orada da gözəl-göyçək bir tatar qızı ilə ünsiyyətdə, münasibətdə olmuşdu. Əvvəl köməkçisi, tibb işçisi kimi, sonra da yaxınlıq etmiş, ailə qurmuşdular. Ondan övladları vardı. Gənc qadın həqiqi mənada gözəl, boylu-buxunlu, yaraşıqlı idi. Ona tərəf baxan, nəzərlərin çəkmək istəməzdi. Belələri tək-tək hallarda dünyaya gəlir...

Bəli, xanım həqiqi mənada həkimdən çox cavan, gənc idi. Bəlkə də, aralarında otuz yaş fərq vardı. Ancaq bütün bunlara baxmayaraq çox alicənab, etikalı, ərinə baxan, ona min bir qayğı göstərənin birisi idi. İş vaxtı da böyür-başında fırlanar, ona kömək etmək istərdi. Həkimin iş yeri elə yaşadıqları binada idi.

Hacıqabulda olanda ilk növbədə Notariat ofisində oldu. Notarius Ruslan Səfərovu Siyəzəndən tanıyırdı. Xızının dövlət notariusu olanda bir müddət onu əvəz etmişdi. Desə ki, bu yaşa gəlib, onun kimi dəqiq, etibarlı, qayğıkeş insan görməyib, inanın! Hər dəfə onu görəndə sanki öz yaxınını, doğmasını görür. Gənc olasan, bu qədər dünyagörüşlü, səliqə-sahmanlı, alicənab, qayğıkeş olasan. İstər-istəməz gen, kök yada düşür. Onda da bunlardan nəsə vardı... Hiss olunurdu ki, həyatda görüb-götürmüş bir ailənin yaxını, övladıdı...

Ruslan müəllimlə nahardan sonra görüşdü. Yenə də eyni səmimiyyət, mehribançılıq:

- Əlisəfa müəllim, haradasınız, görünmürsünüz?

- Hə...

- Siz bizə yaxın adamsınız. Yadınızdadı da sizə Ədliyyə Döş nişanını təqdim etmək üçün idarə rəisi Mehman Soltanov düz Bakıdan gəlmişdi. Əlbəttə, ədliyyə naziri Fikrət Məmmədovun tapşırığı ilə...

- Hə... Siz də orada idiniz...

- Həmin tədbirdə çoxları iştirak edirdi. Rayon İcra Hakimiyyətindən, prokuror, hakim, polis rəisi, onların əməkdaşlar... Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Rasim Məlikov...

- Bəli, əvvəl o, Siyəzəndə prokuror işləmişdi. Gözəl münasibətimiz vardı. Saf, təmiz adam idi. Rusiyada təhsil almışdı. Elə əvvəl ədliyyə nazirimiz Sumqayıtda prokuror işləyəndə onunla birlikdə işləmişdi.

Hacıqabul rayon Mərkəzi Kitabxanasına varid olur. Onu tanıyıb, gəlişinə sevinir, salamlayırlar:

- Əlisəfa müəllim xoş gəlib...

- Gözəl yazıçımız...

- Kitablarını maraqla oxuyuruq.

- Çoxu elə oxuculardadı.

İnanın, heç vaxt beləcə heyrətlənməmişdi. Kitabxanada kitab sərgisində nümayiş etdirməyə kitablarından tapılmadı. Cəmi iki kitab qalmışdı. Halbuki keçən dəfə gələndə əllidən artıq kitaba təsadüf etmişdi.

Kitabxananın direktoru seçki ilə əlaqədar məntəqədə idi. Onu biri əvəz edirdi. Dərhal işə başladılar. Onunla görüş təşkil etmək istəyirdilər. O da daha bir söz demədi. Hiss olunurdu ki, Kitabxananın binası müasir tələblərə bir o qədər cavab vermir. Darısqallıqdır. Fondda o qədər təzə, qiymətli kitablar yığılmışdı ki. Bələ bir yerdə də toplaşası oldular...

Hacıqabul yerinə, mövqeyinə görə tarixən qədim məkan, şəhərdi. Adından göründüyü kimi. Elə, bəlkə də, müsəlmançılığın ilk illərindən elə bura hacıların gəliş, varid olma, qəbul olunma yeri olub. Bir sözlə, ilkin vaxtdan adı müqəddəs yerlərimiz - Məkkə, Mədinə ilə bir yerdə çəkilib. Onun nəzərində kitabxana da belə bir yerdi.

Əvvəl onu təqdim edib, sonra da danışmaq üçün söz verdilər. Əlbəttə, yenə də əsas mövzuları kitab, kitabxana, mədəniyyət işçilərinin qarşısında duran hüquq və vəzifələr idi. Bu çıxış zamanı yenə də Ulu Öndərimiz Heydər Əliyev, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevi minnətdarıqla xatırladılar. Kitabxanaçılar arasında bir qız vardı. Ona elə tanış gəlirdi ki. Az qalırdı ki, kimliyini soruşsun. İstər-istəməz Hacıqabul rayonunda vaxtilə tanış olduğu bir gəlin - müəllimə yada düşdü... Onda qayınatası Seyfəddin kişi ilə Bakıdan, hüzür məclisindən gəlirdilər. Doxsan birinci ilin payızı idi. Elektrik qatarında əyləşmişdilər. Onların olduqları arakəsmədə onadək böyüklü-kiçikli adam vardı. O cümlədən bir yaşlı qadın, qız nəvələri, qız və oğlan, müxtəlif yaşlı gənc xanımlar...

Yolda birdən qayınatası ondan soruşdu:

- Hə, nəşriyyat işlərin necə oldu?

- Pis olmadı, - deyə dilləndi.

Bu vaxt xanımlardan biri maraqlandı:

- Necə? Nə nəşriyyat işi?

Qayınatası bildirdi:

- Hə, bu da gənc yazarlardandı da. Bu günlərdə də bir kitabı çap olunub.

Gənc xanım daha da maraqlananda, Seyfəddin kişi ona xitabən dedi:

- Hə, de də... O kitabın adı nədi?

Sıxıla-sıxıla bildirdi:

- "Gecəyarısui-qəsd"

Bu an həmin xanım heyrət içində ona tərəf baxaraq soruşdu:

- Ola bilməz?.. O kitabı siz yazmısınız?..

Sakit halda cavab verəsi oldu:

- Hə... Bəli... Nolub ki?

Müəllimə eyni həyəcanla bildirdi:

- Heç... Xəbəriniz var ki, onu bizim məktəbdə hamı oxuyub.

- Çox gözəl...

- İndi siz hara gedirsiniz?

- Kürdəmirə...

Müəllimə şad-xürrəm halda dilləndi:

- Yox... Sizi buraxdı yoxdur... Gedəyin bizə... Navahi kəndinə... Gecəni bizdə qonaq qalın. Səhər o kitabı məktəbdə müzakirə edəyin... Özüm də bu sahənin adamı, o məktəbdə dil-ədəbiyyat müəllimiyəm.

O, hədsiz sevinc, fərəh içində, sussa da, qayınatası müəllimənin bu fəallığına sakit qala bilmədi. Dilləndi:

- Ay bacı, sən Allah səbirli, sakit olun... Qoyun yolunuzla çıxıb gedək...

Bu anlar, bəlkə də, onun ömrünün ən unudulmaz, yaddaqalan anları idi. Ancaq qayınatasının yanında sıxılır, qəti bir söz deyə bilmirdi... Sonrakı illər də onun üçün gərgin günlər, aylar, illər. On beş il Kürdəmir rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri, iyirmi bir il Siyəzən dövlət notariusu, orada hakim əvəzi olub məhkəməyə sədrlik etmək...

Bəlkə də, ömründə ilk və yeganə hal idi ki, oxucu istəyinə əməl edə bilməmişdi. Hər dəfə o yolu keçəndə sıxılır, xəcalət çəkir, bu gün, sabah deyirdi... Bəlkə də, indi həmin müəllimə məktəbdən uzaqlaşıb, təqaüddədi... Bağışlasın onu... Ona söz verməsə də, vaxtında vicdanının səsinə qulaq asa bilmədiyi üçün... Axı insan insana nə gündə gərəkdi...

Bəlkə də... Sözsüz ki, elə belədi... Bütün bunlara daha çox elə başlanan Qarabağ münaqişəsi, müharibəsi səbəb oldu. Yardım aparmaq üçün hey cəbhə yollarında qaldılar. Sonra da cəbhəyə getmək üçün rəsmi ərizə verdi. Nəticəsi olmayanda, "Kürdəmir şəhidləri" kitabını yazmağa başladı. Sonra da iri həcmli "Qürbət ellərdə", "Əsgər anası", "Qanlı gündəlik" kitabları...

Bu günlərdə Türkiyədə keçirilən böyük bir konfransda son iki kitabı əsasında hazırlanmış məruzənin dinlənməsini eşidəndə elə sevindi ki. Məruzə belə adlanır: "Azərbaycan ədəbiyyatı: yazıçı Əlisəfa Azayev yaradıcılığında Qarabağ mövzusu". Bu yazıya görə Milli Elmlər Akademiyamızın tənqid şöbəsinin rəhbərliyinə, şəxsən məruzəçi filologiya üzrə fəlsəfə doktoru, baş elmi işçi Nurlana xanım Məmmədovaya öz hədsiz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar.

Söhbət əsasında onlara bildirirəm:

- Bizim kitablar az-çox çap olunub. 44 kitabın hər biri iki-üç dəfə təkrar çap olunub. Əvvəlki iki hekayələr kitabının hər biri on min tirajla, "Gecəyarı sui-qəsd" povestləri kitabı otuz min tirajla... Daha sonrakıların hər biri min tirajla... Respublika kitab yayım təşkilatı ilə əlaqəli işləmişik. Bu səbəbdən kitabxanalarda bizim kitablardan xeyli var. Hər birində 100, 200, 300... 500 ədəd, daha çox olanlar da var. Elə Quba, Xaçmaz, Tovuz rayonlarında olduğu kimi. Ancaq bu məsələ niyə lazımınca nizamlanmır? Bunun günahı, təqsiri kimdədi? Yəqin ki, əlaqədar təşkilatlar bu suala cavab verərlər... İndi burada az kitab olduğunu görüb, özüm pis oldum. Xeyli sayda kitab təşkil edərəm kitabxananız üçün...

Bu an yadına səksəninci illərin qalmaqallı günlərindən biri düşdü. Hacıqabuldan Kürdəmirdəki Dəmir yolunun təmiri idarəsində bir rəis işləyirdi. İlk günlərdən baş mühəndis Əlibala ilə münaqişədə idilər. Rayon partiya komitəsi tərəfindən təşkil olunmuş komissiyada o daKürdəmir rayon İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri kimi təmsil olunmuşdu. Əlibala müəllim hey deyir, danışır nəyi isə sübut etməyə çalışırdı:

- Tam bərbadlıqdı... Bir siqnal belə qalmayıb... Hamısını satın-soyublar... Köhnələri əvəz etmək lazım idi... Bu real fəlakət, faciəyə şərait yaratmışdır. İnsanın vicdanı olar.

Təzə rəisin isə sanki dünya vecinə deyildi, elə sözünü deyir, atmacasından qalmırdı:

- Ə, kişi ol, ədəbli danış!

- Bunu özünə de... Mən indi sənə sübut edəcəyəm ki, saxtakar, rüşvətxorsan...

Bəli, onda beləcə ağır günlər yaşadılar. Hacıqabuldan gələn nümayəndə ilə isə səmimi idi. Hətta bir gün ona dedi:

- Qardaş, səhər Bakıya gedirdim... Dəmir yolu boyu tökülmüş kubik daşları, taxtaları görəndə elə heyrətləndim ki...

Həmin adam gülümsər halda dedi:

- Hə, belə işlər olur... Elə Hacıqabulda qatara minib, yol boyu boşaldır, sonra da hava işıqlanmamış yığırlar da... Belə necə olub ki, gündüzə qalıb, onu siz görə bilmisizin?!

- Elə hava alatoran idi... Hələ sabah açılmamışdı...

- İndiyə yığışdırarlar...

Sonra o daha qəliz, sirli məsələlərdən danışdı ona:

- Xırda dəstələr, mafiyalardı da... Hərəsi bir sahə ilə məşğul olur. Onların heç biri bir-birinin işinə qarışmaz. Aralarında dəmir qayda var...

Bir gün Əlibala müəllimi görəndə soruşdum:

- Nə əcəb belə sakitsən? Daha şikayətçi deyilsən? Yazıb-pozmusan?

Dünyalar qədər xətrini istədiyi, Kürdəmirin vicdanlı, həqiqətpərəst insanlarından biri kimi tanıdığı Əlibala müəllim dedi:

- Daha nə edək.. Sizin yazdığınız arayışı Moskva, Kremldə görəndən sonra daha hara müraciət edəydim ki?..

- BMT-yə...

- Daha ora bizlik deyil.

- Ancaq dünya kibelə gedir. Ora da mümkün olacaq.

Oldu da... İndi insanlar haqsızlıq, qanunsuzluq görəndə lap Avropa məhkəməsinə də hərəkət edir, sözlərini deyirlər. Şükürlər olsun ki, indi cəmiyyət, həyat başqalaşıb. Elə öz dərdlərimizə özümüz əməl edə bilirik. Əsl açıq qapı siyasətidi. Hər bir vətəndaş Prezidentlə, Vitse-prezidentlə əlaqəyə girə bilir, qəbulunda olur...

Şükürlər olsun ki, bizi həmişə gərginlik içində saxlayan Qarabağ dərdimizə son qoyuldu. İndi xarici işlər olduğu kimi, daxili işlərimiz də diqqət mərkəzində olan məsələlərdi. Yenicə seçilmiş Milli Məclisimizin deputatlərı ilə daha böyük məsələləri həll edəcək, kitabxanalar, mədəniyyətimiz sahəsində bəzi xırda kəm-kəsirlərə də son qoyacağıq...