SÜLEYMAN ABDULLA - MƏNLİK OLMAYANLAR
Ədəbiyyat
11:10 / 24.06.2026
Baxış sayı: 108
Bu dünyanın ağdı başı,
Dağda qarı mənlik deyil.
Evdə aşı, yolda daşı,
Bağda barı mənlik deyil.
Cənnət varsa, bəs hanı, de,
Qulaq boyda var canı de...
Deyəsisən buğdanı de,
Babam, darı mənlik deyil.
Xəlbiri var, ələyi var,
Səxası var, kələyi var.
Şeytanı var, mələyi var,
Dünya varı mənlik deyil.
Daha əldə qalmaz yaxan,
Öz nəfsində batıb axan...
Görən görür, baxır baxan,
Yox, yuxarı mənlik deyil.
Od ki, bəlli, kül ki, bəlli,
Aslan bəlli, tülkü bəlli...
Ölçü dəqiq, ülgü bəlli,
Gözəyarı, - mənlik deyil!