Əbülfət Mədətoğlu : - Neçə dili var görəsən, həsrətin?!.
Ömür boyu mən nəfsimdən qorundum,
Od-ocaqdan iynə ucu qor umdum...
Aramaqdan, axtarmaqdan yoruldum -
Neçə dili var görəsən, həsrətin?!.
Tapmaq üçün bu zamanda baş yolu,
Çox tapdadım torpaq yolu, daş yolu...
Göstərəydi Allah mənə kaş yolu -
Neçə dili var görəsən , həsrətin?!.
Sahib çıxmır indi daha vaxt vədə,
Qatarlanıb gör nə qədər vaxt , vədə...
Neçə məna gizlənibdi hər "və"-də -
Neçə dili var görəsən , həsrətin?!.
Sarı simi kökləməkdi ustalıq,
Bu bölgüdə alt böləndi, üst qalıq!..
Sevgimizdə sevgi qədər qutsalıq -
Neçə dili olur -olsun, həsrətin!