Əbülfət MƏDƏTOĞLU : - «Mühakimə»

Gündəm, Ədəbiyyat 08:49 / 07.12.2022 Baxış sayı: 11585

 

Son vaxtlar bir-birindən maraqlı hekayə, povest və romanları ilə oxucu diqqətini çəkən yazıçı-hüquqşünas Əlisəfa Azayev bugünlərdə özünün «Mühakimə»si ilə görüşünüzə gəlibdi. «Maarif» nəşriyyatında işıq üzü görmüş 320 səhifəlik bu kitabda müəllifin 2 povesti - «Hakim əvəzi» və «Ədalət mühakimə»si yer alıbdı. Həmçinin bu povestlərlə yanaşı, müəllif oxuculara özünün 9 publisistik  məqaləsini də təqdim edibdir.

Xatırlatmaq yerinə düşər ki, hər iki povestin mövzusu hüquq mühafizə orqanlarının fəaliyyəti, məhkəmə araşdırmaları və haqqın, ədalətin qalib gəlməsidir. Kitabdakı bilgidən məlum olur ki, povestlərdəki hadisələr Azərbaycanın Kürdəmir və Siyəzən rayonlarında cərəyan edib və müəllif də bilavasitə həmin hadisələrin məhkəmə araşdırmasının iştirakçısı olubdur. Ona görə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda təqdim edilən hər iki povest reallığın bədii təqdimatı kimi maraq doğurur və onu da xatırlatmaq istərdik ki, kitabın redaktoru Fariz Məhərrəmov, korrektoru isə Aynur Çingizqızıdı.

Oxucuların «Mühakimə» ilə baş-başa qalacağını, onu maraqla oxuyacaqlarına şübhəmiz yoxdur.