Əbülfət MƏDƏTOĞLU : - İlahi, məni kim qovur...

İçimdə bir dəli səda,
Qoymur dincəlim bir hovur...
Canım cana olsun fəda -
İlahi, məni kim qovur?..
İlahi, məni nə qovur:!
Qarışıbdı ağlım, başım
Tay söz götürə bilmirəm...
Ağırlaşır hər gün daşım
Susub, ötürə bilmirəm...
İlahi, məni kim qovur?
İlahi, məni nə qovur?!
Gümanım yüz yerə gedir,
İmanım bir qapı döyür...
İstədiyin fələk edir -
Üstəlik də özün öyür!
İlahi, məni kim qovur?
İlahi, məni nə qovur?!
Adımı dili də tutmur
Amma adımı unutmur...
Çəkir çiynimdən aşağı
Dolan gözümü qurutmur!..
İlahi, məni kim qovur?
İlahi, məni nə qovur?!
Suallar özümə ağır,
Bir az da yüngül görünür...
Önümdən sevdiyim baxır -
Bəs arxada kim görünür?
İlahi, məni kim qovur...
İlahi, məni nə qovur...