Əbülfət Mədətoğlu : - Anasızlığıma ağı

Ədəbiyyat 15:08 / 03.06.2024 Baxış sayı: 2897

 

Sanki qurumuşam, sanki donmuşam

Allah göz yaşı da vermir, ağlayım...

Gözləri gözümə köç etdi indi -

Anamın gözünü necə bağlayım?!.

 

Sönüb varlığımda həyat izləri

İçimin tüstüsü qara buluddu...

Bu hansı günahım, hansı ahımdı -

Yanımdan sürüşüb anamı tutdu?!

 

Söz tapa bilmirəm -dilim də dönmür

İçimdən keçəni mən açıb tökəm...

Biılirəm, analar köç edir, - ölmür -

İndi gücüm yoxdu, önündə çökəm!..

 

Ana , göz yummaram tay bundan sonra

Sənin gözlərini güldürmək üçün!..

Hər gün axtaracam, gəzəcəm çarə -

Ana ölümünü öldürmək üçün!