Coşqun Xəliloğlu - AZƏRBAYCAN XALÇASI
Azərbaycan xalçası toxunur ilmə-ilmə,
Hər toxunmuş xalçada tariximin izi var,
Naxışları dil açır, danışır kəlmə-kəlmə,
Nurani nənələrin laylası var, sözü var.
Azərbaycan xalçası möhtəşəm bir bəzəkdir,
Hər çeşninin öz səsi, hər çeşninin öz rəngi.
Adicə bəzək deyil, özü boyda çiçəkdir,
İnsan şövqlə yaradıb bu ovsunlu ahəngi.
Azərbaycan xalçası incədən də incədir,
Belə xalça yaratmaq müdriklərin işidir.
Füsunkar bir bağçadır, gülü qönçə-qönçədir,
İlhamlı sənətkarın mükəmməl vərdişidir.
Azərbaycan xalçası xalqımın sərvətidir,
Necə gözəl görünür... Günəşdən alıb işıq.
Halalca qazandığı şanıdır, şöhrətidir,
Saraylara bəzəkdir, muzeylərə yaraşıq.
Azərbaycan xalçası sirlər ilə doludur,
Diqqət etsən, duyarsan, naxışlarda qüdrəti.
Xalqımızın əbədi müdriklik simvoludur,
Dil açanda ilmələr, hiss edərsən hikməti.
Azərbaycan xalçası həm qiymətli, həm baha,
Şərəflə cəsarətlə , dolanıbdır cahanı.
Min illərdir yol gedir, gələcəyə, sabaha,
Harda olsa tanıdır anam Azərbaycanı.
28.06.2023.