ÇAY SÜFRƏSİNİN “SONBAZAR” SÖZ ŞİRİNLİYİ...

MƏDƏNİYYƏT 08:31 / 26.08.2024 Baxış sayı: 4913

ÇAY SÜFRƏSİNİN “SONBAZAR” SÖZ ŞİRİNLİYİ...

(Reportaj)

AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun avust ayının 25-nə təsadüf edən “sonbazar” yaradıcılıq günü bu dəfə havaların çox isti keçməsi səbəbindən yazarların arzusuyla şəhərdəki kafelərdən birinin həyətindəki köşkdə keçirilir. Bölmə rəhbəri İsmayıl İmanzadə çay süfrəsi ətrafında cəmləşən həmkarlarına xitabən deyir: “İstəkli yazar dostlarım, bu dəfə hamımızın istəyi ilə açıq havada düzənlənən söz məclisimizdə ürəyiniz istəyən qədər çay içə, hətta kiminsə könlündən keçsə, mənim kimi siqaret də çəkə bilər. Bəxtimizdən Mingəçevirdəki çayçılar hələ insaflıdırlar, ayrı-ayrı şəhər və rayonlardan fərqli olaraq yalnız son günlər bir çaynik çayın pulunu 50 qəpik artırıblar...

Sonra isə o, bölmədə gözlənilən bir şad xəbərlə həmkarlarını məmnun edir: “Bizim gənc yazarlarımız iyul 2008-mart 2020-ci illər aralığında AYB-nin Mingəçevir bölməsinin ədəbi orqanı kimi nəşr etdirdiyimiz “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı) dərgisinə “ikinci nəfəs” verməyi təklif ediblər. Bu bizi çox sevindirir, İnşallah, hesab edirəm ki bu olduqca vacibdir və bu xeyirxah işə hamılıqqla mənəvi dəstək verməliyik. Oktyabr ayında dörd illik fasilədən sonra yəqin ki “Bənövşə”nin təzə addımı təkcə yazarlarımızı deyil, bütövlükdə çoxlarını sevindirəcəkdir...”

Bölmə rəhbəri yazarlarla görüşə gələn istəkli qonaqları,-Qalib Ağayevi və şair Zirəddin Yevlaxlını yazarlara təqdim edərək ilk sözü də elə onlara verməyi vacib bilir. Yaxın keçmişdə və Rusiyada yaşadığı illərdə bir sıra önəmli işləriylə tanınan Qalib Ağayev, yazarların ünvanına xoş sözlər söyləməklə yanaşı, deputatlığa namizəd qismində seçicilərlə görüşlərindən, bu yönümdə apardığı təbliğat-təşviqat işlərindən söz açır. Şair Zirəddin müəllim isə bölmənin önəmli fəaliyyətini qeyd etməklə, yazdığı şeirlərdən bir neçəsini oxuyur.

Söz məclisinə hər gəlişi məmnunluq hissiylə qarşılanan, yazarlarımızın “ahıl və cahıl dostu” Ağabala Salahlı bu dəfə də özünə məxsus qiraət tərziylə məclisə şirinlik qatır. Şair Mahir Musa dilində səslənən şeiri ilə yazarlara pozitiv hisslər aşılayır. Eldəniz Cəfəroğlunun satrik şeirlərində vəzifə kürsülərində qartıyan bəzi məmurların insanlığa yaraşmayan davranışlarını “qamçılayır”. Ustad şair kimi tanınan Əhməd Əfsun həmişə olduğu kimi bu dəfə də lirik şeirləriylə hamını qəlbən əfsunlayır. Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov Əfzələddin Xəqaninin həyat və yaradıcılığı barədə çoxlarına məlum olamayan bilgiləri ilə diqqəti özünə yönəldir. İstedadlı şair və haqsevər insan kimi tanınan Mikayıl Yusif hamı tərəfindən təqdir edilən kiçik həcmlı bir poeması ilə məzlumların sonuncu loxmasına da göz dikən “qolu zorlu”, harın vəzifə sahiblərini məhşər ayağına çəkir. Şair-publisist Məmməd Mərzilinin yazdığı bir təmsil də diqqətdən kənarda qalmır. Ədəbiyyat sevdalısı Rəşid Rəsulov yazralara bu dəfə də ürək açıqlığı ilə ağsaqqal xeyir-duası verir

Məclisin ikinci bölümündə bölmə sədri “bizim sevimli qaqalarımız” adlandırdığı üç gənc yazara yönəlik səmimi sözlərini ünvanlayır və onları yazılarını oxumağa dəvət edir. Şair-dramaturq, AYB-nin üzvü Elçin Məhərrəm, istedadlı qələm sahibi kimi son vaxtlar ölkə mətbuatında dərc edilən şeirləriylə oxucuların sevgisini qazanmağa nail olan Nicat Hunalp oxuduqları şeirləriylə, gənc nasir qismində yazıdan-yazıya püxtələşən Şamil Həsən isə bir hekayəsi ilə yazarları məmnun edirlər...

AYB Mingəçevir bölməsinin sədri, şair-publisist İsmayıl Mərcanlı iki yığcam-lakonik şeirini oxuyandan sonra, əvvəldən axıra kimi könül xoşluğuyla keçən tədbirdə fəal iştirak edən həmkarlarına uğurlar diləyir. AJB-nin üzvü, Məmməd Mərzilinin fotoaparatın yaddaşına köçürdüyü şəkillər də çay süfrəsi arxasında düzənlənən söz məclisinin xoş məramlı anlarına şahidlik edir...

ELÇİN MƏHƏRRƏM

Azərbaycan Yazıçılar Birliyinin üzvü