Bəhram Bilaloğlundan İKİ ŞEİR

Ədəbiyyat 10:43 / 01.06.2025 Baxış sayı: 4443

 

Zatından əmanət gəldisə,sənə,

Xəyanət sərhədin açma,amandı.

Qoru mənliyini,əmanətini,

İnanma cahilə,içsə də andı.

 

Sərvətdir, zinətdir keçmişdən qalan.

Qırılmaz zəncirə bənzəməz yalan.

Etdiyin ibadət edəcək talan.

Susacaq,bu hala,keçsə də andı.

 

Əzəldən yurd salan məfhumdu gözə.

Nadanlar ucaldır, salırlar izə.

Dərələr içindən çıxmaz ta,düzə.

Varlığın itirən ölçsə də,andı.

 

Vədinə aldanma,eyləyər ziyan.

Çıxar düz yolundan,olmaz heç həyan.

Böyütsə ürəkdə,eyləsə bəyan.

Qovuşma səddinə, seçsə də andı.

 

Doğma adamlar da,yad oldu mənə

 

Çəkildim şüurun dörd bucağına.

Baxdım,böyüdüyüm qəm ocağına.

Tale yazısına,həsrət dağına,

Doğma adamlar da,yad oldu mənə.

 

Bilmədim,bu ömür,harda tən oldu.

Doğrandım içimdə,payım gen oldu.

Güləndə üzlərə adım şən oldu.

Doğma adamlar da, yad oldu mənə.

 

Sığındım qəlbimin isti yerinə.

Düşdüm bir pilləkən,biraz dərinə.

Çatanda, həyasız, fərsiz birinə,

Doğma adamlar da, yad oldu mənə.

 

Qışı pak eyləyən qarı olmadı.

Dərdini bölməyə yarı olmadı.

Baharda məhsulu, barı olmadı.

Doğma adamlar da, yad oldu mənə.