Ayaz Arabaçıdan İKİ  ŞEİR

Ədəbiyyat 11:58 / 17.09.2023 Baxış sayı: 2510

*** 

Çoxları qınayır yaşayışımı,

Bu nə evdi deyir-eşikdi deyir.

Əsir dirəkləri külək əsməmiş,

Sanki sınıq-salxaq yeşikdi deyir.

 

Bəyənmir bir adam güzəranımı,

Başını bulayır,ağzını büzür.

Taleyin təpiyi,bəxtin qapazı,

Birləşib hər şeydən əlimi üzür.

 

Danı sübhə kimi diri tuturam,

Gözümdə bur çimir sağ yuxu,yoxdur.

Dalımca o qədər deyiniblər ki-

Bu necə adamdı çax-çuxu yoxdur.

 

Hərə bir tərəfdən kəsir ömrümü,

Hamı bu şəhərdə qayçı işləyir.

Mənə həyat dərsi verən müəllim,

On ildi vağzalda çayçı işləyir.

 

Siz ölü şeylərnən fəxr eləyirsiz,

Mənəm dərd adına nə var tək-diri..

Dərdi tapmayanda adamlar gəlib,

Mənimlə qol-boyun şəkil çəkdirir.

 

 

Çevrilib əlimdə qılınca qələm,

Şerimi birinci şeytan oxuyur..

Heç kimi vecimə almıram,amma,

Hamı taleyimə meydan oxuyur..

 

Hələ ki,ağlımı almayıb Allah,

Çöllərə düşməyib abırım-arım.

Xahiş eləyirəm bu gündən belə,

Heç kimi üzməsin sıxıntılarım.

***

 

Tərpədibsən qəlbimdəki min simi,

Dindiribsən sinəmdəki tarı, qız.

Hansı rəssam çəkə bilər hissini,

Arzuları yarı gəlin, yarı qız..

 

Yazıq-yazıq sığınmışam çətrinə,

Sən dəyməzsən ürəyimin xətrinə,

Qonaq elə saçlarının ətrinə,

Əllərimi bircə dəfə barı, qız..

 

Eybi yoxdu başım qalsın qalda, qoy,

Bütün gözəl sevgiləri dalda qoy,

Gələn dəfə sancağına bal da qoy,

Şirinləşsin bu hekayə, arı qız..

 

Üç gündən bir, beşgündən bir itmə gəl,

Notlarına düşəmmirəm, ritmə gəl,

Ürəyimdən başqa yerdə bitmə gəl,

Sənsən axı, xarı bülbül- xarı qız.

 

Nəfəsinlə közəribdi közlərim,

Durna kimi qatarlaşıb sözlərim,

Görməyəndə qan ağlayır gözlərim,

Gözlərimin yarasını sarı, qız.

 

Qoy olmasın bu sevdanın sonu mat,

Dözəmmirəm, gəlib çatıb sonum, at,

"Xalqlardayam", votsapıma konum at,

Qızıl telli, yaşıl gözlü, sarı qız.