Ayaz Arabaçı : - Evdə yoxdu.

Nə çöldə kefimi açan tapılır,
Nə də o əvvəlki çağ evdə yoxdu.
Balgilə gedirəm rəhmətə gedib,
Yağgilə gedirəm yağ evdə yoxdu.
Demişdi gələrsən yanıma, getdim,
Bələdim özümü qanıma, getdim,
Çoxdan görüşdüyüm xanıma getdim,
Görüm qayıtmasın sağ, evdə yoxdur.
Ən uzun şeirim bir sətir oldu,
Qələmim döyüşdə sursatım oldu,
Bir dəfə gül dərmək fürsətim oldu..
Bağban and içdi ki, bağ evdə yoxdu.
İlahi, çox görmə bu yurdu mənə,
Eşqini hər zaman duyurdu mənə,
Həkim dağ havası buyurdu mənə
Gedəndə gördüm ki, dağ evdə yoxdu.
Tanrı, nə olsun ki, ömür yazansan,
Özün yazdığında özün azansan,
Gedib qaralara çörək qazansın,
Gör neçə illərdi ağ,evdə yoxdu.