Arzu Əsəd : - Biz niyə yazırıq?

Çap versiyası 12:45 / 24.07.2024 Baxış sayı: 2923

Biz niyə yazırıq? Bu dağınıq, fraqmentar ədəbi, fəlsəfi, elmi müzakirələr, mübahisələr nəyə lazımdır? İlk baxışdan elə görsənir ki, nə ölkənin siyasətini həyata keçirən siyasi elita bizimlə hesablaşır, bizim dediyimiz onların topuqlarına çatmır, nə də kütlə bizi vecinə alır, bizim dediklərimiz onun başından aşır. Lakin bu aldadıcı baxışdır.

Dəniz səviyyəsi hər yerdə eyni olduğu kimi, iqtisadiyyatın və onun müəyyənləşdirdiyi siyasətin də səviyyəsi dünyanın hər yerində eyni dərəcədə olmağa məhkumdur. Münaqişə və müharibələr əslində bu eyni səviyyəni - dünya nizamını əldə etmək üçündür. Fərd olaraq, cəmiyyət olaraq, dövlət olaraq mənəvi-intellektual səviyyəmizi bu nizamın əldə olunacağı səviyyəyə çatdırmalıyıq.

Bu nizam nə kütlənin küt şıltaqlığı ,nə də elitanın ərköyün təkəbbürü ilə əldə edilməz. Bu nizam cəmiyyətin orta intellektual səviyyəsinin insanlığın tarixən bu günə qədər yaratdığı elmi, fəlsəfi, ədəbi, hüquqi şüur səviyyəsi ilə eyniləşdirilə bilinməsi ilə yaranır. Bu səviyyəyə çatmasaq, bu səviyyəni əldə etməsək məhvə məhkumuq. Biz ona görə yazırıq.

Sosial şəbəkələrdə bu dağınıq, pərakəndə, fraqmentar informasiya, bilgi paylaşımı ona görə labüddür, vacibdir. Nəticədə dəniz səviyyəsi kimi dünyanın hər yerində, eləcə də bizim cəmiyyətdə eyni olan bir mənəvi-intellektual səviyyəyə çatmaq üçün. Kütlə şüurundan uzaqlaşmaq üçün, siyasi elitanı ictimai rəy deyilən ictimai vicdana yaxınlaşdırmaq üçün. Bu bir ayın, bir ilin işi deyil, bu daimi işdir.

. Necə ki, ictimai şüur otuz il səbirlə Qarabağ dedi, Qarabağı unutdurmadı, ölkənin potensialını işğal olunmuş torpaqların alınması üçün səfərbər etdi, dünya geosiyasətində də əlverişli şərait yarandı, biz zəfər qazandıq, eləcə də hər saat, hər gün, hər ay, illərlə ictimai rəyi daxili məsələlərin həllinə, mənəvi-intellektual inkişafımızın yüksəlişi üçün ölkədə lazımi şəraitin yaradılması zərurətinin dərk edilməsinə yönəltməliyik.

Əgər sən özünü yalnız bir fərd kimi görürsənsə, bu uzun yol, səbirli mübarizə sənə anlamsız gələcək, yox, sən özünü həm də bir növ kimi, millət kimi, sabah içində övladlarının da yaşamağa məhkum olduğu bir cəmiyyətin üzvü kimi görürsənsə bu mübarizə, bu paylaşımlar, bu gündəlik status və şərhlər sənə anlamsız görünməz.