Aida Adıgözəl : - Mən getməyi bacarmıram sənin kimi...

Ədəbiyyat 10:49 / 30.06.2025 Baxış sayı: 1018

 

Bu sarışını tanıyırsan, bilirəm.

Payızdı da,

gülüşü yarpaqlardan başlıyır.

Onun dərdi küləklərlə,

yapışdımı saçlarına,

budaqları

qızıl-sarı xəzəl-xəzəl saçlıyır.

Tökülürlər ömür-ömür,

qırılırlar arzu-arzu,

quruyurlar ümid-ümid...

Bu qaranı tanıyırsan, bilirəm.

Əcəldi də,

gəlişi tabutlardan başlıyır.

Onun dərdi adamlarla,

bir girdimi ürəyinə

sıxıb-sıxıb ovucunda

son nəfəsi verənəcən

xışım-xışım xışlıyır.

Saralırlar saat-saat,

bozarıırlar bulud-bulud,

qabarırlar torpaq-torpaq...

İndi bildin ömrün sonu niyə payız fəslidi?

Yay ayının ortasında

içimizdən keçən soyuq

eşidirsən necə hırçın,

necə acı,

necə dəli səslidi?

Gülmə payız,

sən gülməyi bacarmırsan mənim kimi!

Gəlmə əcəl,

mən getməyi bacarmıram sənin kimi...

Aida Adıgözəl...