Aida Adıgözəl : - Kim desə "ölülər ağlamır"...

Kim desə "ölülər ağlamır" - yalandır...
Gözlərim şahiddir
hər gün nə qədər ölünün ağlamasına.
Hətta ağlama
səslərinə yata bilmədiyim gecələr oldu.
Zibil qablarını axtaran neçə ölü əlləri,
gecə "katok"dan yemək oğurlayan,
məhbus çağrılan rəhmətliklər gördüm.
Bir qazi əsgər vardı,
iki ayaqları yox...
minomyot biçmişdi Suqovuşanda,
danışırdı, gülürdü,
deyirdi, - sağam, yaşayıram...
Amma,
amma Suqovuşanda qalmış ayaqları çoxdan çürümüşdü!..
Bir uşaq vardı on iki yaşında,
metro pilləkənində oturub salfet satırdı.
İlahi,
gözləri min il idi ki ölmüşdü...
Min illik mumiya kimi qurumuşdu bəbəkləri, içindəki ümid ölmüşdü,
gözlərindəki həyat sönmüşdü,
üzündəki işıq donmuşdu.
Sən demə yaşamaq ümidi,
arzusu ölənlərin
özlərinin ölməsindən xəbəri olmurmuş...
Yarım əsrdi mən də ölmüşəm,
hələ də qorxursuz özümə deməyə.
Qorxursuz bağrım çatlar?
Hahaha...
Ölülərin bağrı olmur,
skeleti olur,
skeleti...