Aida Adıgözəl : - De ki...

Gördün darıxırsan məni xatırla,
aç bax, səndə qalan xatirələrə,
çəpəki süzməmi, iynə sözləri,
de ki, - unutmaram, gülüşün haqqı...
And iç, ayaqlarım dəyən yollara,
de ki, - yığmayacam gözümü yoldan,
and olsun yollarda qalan şəklinə,
ta ki, gələnəcən, gəlişin haqqı...
De ki, - tanıyacam addım səsindən,
ürəyim çıxacaq tappıltısına,
pillələr öpəcək ayaq izindən,
and olsun, and olsun, yerişin haqqı...
De ki, - hələ nəmdi öpdüyüm yerlər,
de ki, - soyumayıb canımdan istin,
de ki, - yastığında telim qalıbmış,
dodağımda qalan öpüşün haqqı...