AĞAMİR CAVAD : - NƏĞMƏ ÖMRÜ

Sevgiləri ilə, həsrətləri ilə necə də ağrılıdı Həyat!
Ayrılıqları ilə, ölümləri ilə necə də zalımdı Həyat!
Bir ruh qardaşımız, şair Anar Həbiboğlu da dəyişdi dünyasını. Nə qədər ağrı-acı gətirdi bu ayrılıq dostların qəlbinə. Heç kimin qəbul etmək istəmədiyi, edə bilmədiyi bu ayrılıq üşütdü onu sevən, poeziyasının vurğunu olan könülləri. Tez-tez yeni yazdığı şeirlərini dinlədiyi qələm dostlarının, pərəstişkarı olan oxucularının qəlbini yandırıb-yaxdı bu ayrılıq xəbəri.
Təbiətən çılğın, ruhən azad olan, daxili azadlığı ilə zəmanənin buxovlarına sinə gərən, qələmindən sevgi süzülən Anar qəmli, kövrək bir nəğmə ömrü yaşadı. Həyat onunçün nəğmələrdən, şeirlərdən, bayatılardan ibarət idi. Özü necə də gözəl ifa edirdi bu nəğmələri. Heç kimi təkrar etmədən, heç kimi yamsılamadan özünəməxsus ritmlə, ahənglə ifa edirdi:
İlahi sehrdir şeir, bayatı,
Qeybə çəkilirəm şeir yazanda.
Bir qəmli nəğməir mənim həyatım,
Oxuyan da yazıq, qulaq asan da.
Şeirlərinin ruhunda, nəğmələrinin canında ilahi bir sehr var idi Anarın. Oxuyan da, qulaq asan da bu bal kimi şirin, duz kimi ağır nəğmələrin sehrinə düşürdü.
Həyatın İlk kədərini hələ orta məktəbdə oxuduğu illərdə qarşılamışdı. Atasızlığın ağrı-acısını dadmışdı Anar. Şair, jurmalist ömrü yaşayan atası Həbib Səfərov da dünyasını əlli yaşında, vaxtsız dəyişmişdi. Bu ayrılıqla heç cür barışa bilmirdi Anar. Atasına həsr etdiyi şeirlərinin birində deyirdi:
Qırılan qəlbləri yığıb-yığışdır,
Tüpür cəhənnəmə, süpür cənnətə.
Allahım, başımı yenə qarışdır,
Ancaq bir ad da qoy bu xəyanətə.
Bu acı tale ilə, bu ağrılı “xəyanətlə” barışa bilməyən Anar, bəs sən bu ayrılığı, bu acı taleyi övladlarına necə qıydın? Xatirələrdən heç vaxt silinməyən ata sevgisini həsrətlə yükləyib övladlarının da taleyinə yazdın.
Xatirəmdə atam sağ,
Həyatım çiçək-çiçək bəyaz,
Yarpaq-yarpaq yaşıl.
Sapsarı saçlarım qarmaqarışıq.
Anam uşaq bağçasında aşpaz...
Mənim şirin gnlərim,
Mənim yalançı günlərim öldü,
Bir daha doğulmaz...
Necə də zalımdı Həyat.
Həyatın zalımlığına qarşı çıxırdı daim. Vaxtsız ayrılıqları asi şairlər kimi “Tanrı xəyanəti” adlandırırdı. Yerlə, göylə mübarizə aparırdı tanrı verən bu ömrü gözəl yaşamaq üçün. Ən böyük ədalət sahibi olan Allahdan haqq-hesab istəyirdi. Ancaq nə edəsən ki,bəndə gücündə doğulur insan.
Bir bəndə gücündə doğulmuşuq biz,
Bir ömür boyudu insanın tabı.
Ən böyük ədalət Tanrıdı, şəksiz,
Ən böyük qanundu “Quran” kitabı.
Şair kimi coşub-daşıb hərdən asilik etsə də, imanını itirməmişdi. Tanrıdan istədiyi nə idi ki; xoşbəxt anlar yaşamaq, övladlarını xoşbəxt görmək. Bir anlıq, bir günlük sevgi ömrünü sevdasız keçən uzun bir ömrə dəyişərdi. Sevdalı anlarda qanad açardı, üfüqlərdən-üfüqlərə, ürəklərdən-ürəklərə uçardı. Sevgi dolu şeirləri ilə, nəğmələri ilə...
Mənim qanadım var, uçuram, Allah,
Nə yaxşı yazmısan bu çiçək ömrü.
Bir gecə uzundu, qısa deyil ki,
İlahi, bəsimdi kəpənək ömrü.
Elə kəpənək kimi sevə-sevə, sevilə-sevilə yaşadı. Bilirdi ki, ömür zaman çərçivəsinə sığmır, ömür öz sevgiləri ilə uzundur. Ölümdən sonra da ömrü sevgilər davam etdirir. Bəzən bir misranın sevgisi insan ömrünü əsrlərdən-əsrlərə aparır. Anarın nəğmələri belə misralarla zəngindir.
Nəğməkar şair idi, Vətənin gözəlliklərinə, glünə, çiçəyinə nəğmələr yazırdı. Ancaq bu çiçəklərin ömrünü şaxtadan, sazaqdan qorumağa imkanı olmayan bir zamandan keçirdi bu nəğməkar şairin ömrü. Yadlar tərəfindən sərvətləri oğranmış, torpaqları doğranmış, qanunları dəyərsizləşmiş, hüquqları buxovlanmış bir zamanın şairi olmaq ağırlığını yaşamaq, nəğmələr yazmaq nə qədər çətindir.
Bir yaz yaşayasan bu çiçək ömrü,
Soyuqdan xəbərsiz, şaxtadan uzaq.
...Qğrqnmış, doğranmış bir məmləkətin
Çətindir nəğməkar şairi olmaq.
Vətəndaş şair idi Anar. Boğazdan yuxarı “Vətən, Vətən” deyib şeir yazmırdı. Vətənə sevgisini ağrıarı ilə birgə dilə gətirirdi. Qarabağ savaşının bu qədər uzanmasında beynəlxalq təşkilarları ittiham etməkdən çəkinmirdi:
Çoxdan ağarıb BMT-nin,
ATƏT-in saçları,
Bizim “palatka toyları”tək.
Yığışdırılıb dar ağacları,
Əvəzində “şadlıq sarayları” min-min.
Artıb bu dünyanın Habili, Qabili,
Buşu, Obaması.
Vay halına Həvvanın, Adəmin.
Rəhmət sənə, Babək.
Lənət sənə, Səhl Sumbat.
Necə də satqındır Həyat!
Ölümünü duymuşdu, ölümə doğru tələsirdi elə bil. Son vaxtlar tez-tez ölümdən yazırdı. Özündən asılı deyildi. Gözəlliklərdən yazanda da canındakı ağrılar fikirlərini bədbin nota yükləyir, ölüm haqqında yazmağa gətirib çıxarırdı. Daim gözəlliklər eşqiylə yaşayan, həyatın gözəlliklərini vəsf edən şair bu gözəllikləri itirməkdən qorxurdu elə bil.
Mən anladım nə imiş bu yağışın davası,
Gəlib son kədərimi yarı bölüb getməyə.
Lənkəranda şairi təkləyib yaz havası,
Adam qorxur bu gözəl gündə ölüb getməyə.
Çox zaman insanlar canlarının qədrini bilmirlər. Xəstələnəndə, can ağrıyanda canımıza qıydıqlarımız yada düşür. Ancaq dadına çatammırıq. Canımızı qorumağa çalışanda artıq gec olur. Ömrün mənasız günlərini təndirdə kütə gedən, közün üstünə düşüb yanan çörək kündələrinə bənzədir Anar. Içi çiy qalmış, üstü yanmış kündələrə...
Tanrı bizi unutmur. Özümüz özümüzü unuduruq. Kütə gedib yanandan sonda Tanrı yada düşür. Ondan imdad diləyirik:
Demək unudulanlar sırasında adım var,
Axı sən unutmursan seçdiyin bəndələri.
Yerdə Anar adında kütə getmiş adam var,
Nə olar təzədən yap bu yanıq kündələri.
Qörx üç il ömür yaşadı Anar, amma şair ömrü yaşadı. Eşq ömrü yaşadı.
Bu 43 rəqəmi mənə digər bir gözəl şair dostumuzu xatırlatdı – Yusif Bəhramoğlunu. O da 43 il yaşadı. Şairlik iddiasından uzaq idi, ancaq təpədən-dırnağa şair idi o da. Onun da ömrünü davam etdirən iki oğlu var, Anarın da. Qəribə bir tale oxşarlığı var bu şair ömürlərində. Qoy Tanrı bu vaxtsız qırılan ömürləri övladların ömrünə calasın. Övladlar ağrı-acısız, xoşbəxt yaşasınlar, - deyirəm.
Nə qədər ağrı-acılı olsa da, dünyaya son qiyməti gözəl deyib babalar. Bu zalım, yalançı, satqın, qansız dünya, neyləyək ki, həm şirin, həm də gözəldir. Onun gözəlliyini dərk edənlər isə əsl insanlar, əsl şairlərdir. Bu böyük ürək sahibləri son məqamda, ölüm anında da bu təzadlı dünyaya əbədiyaşarlıq, gözəllik arzulayırlar. Anar Həbiboğlu kimi;
Çətin görüşünə bir daha gəlim,
Həmişə ağırdı ayrılıq, vida.
Sən çox şirin idin, şirin, gözəlim,
Səni ölməyəsən, Dünya, əlvida...
