Adil ŞİRİNİN ŞEİRLƏRİ

Bu gün şair dostumu, dəyərli aydınımız Adil Şirinin 70 yaşı tamam olur! Onu ürəkdən təbrik edir və şeirlərini sizinlə paylaşırıq!
Dörd divar arasında
Dörd divar arasında
Dörd rəngsiz fəsil
Dörd min ildir bu yerdə
Mən dustağam elə bil.
Dörd min ildir ömrümə,
Gün doğmur, yağış yağmır.
ən dərdli gecələrdə
ay pəncərəmdən baxmır.
Dörd divar arasında
Qəlbimdə bir həbsxana.
Qəfəsdə bir quş uçur
Qanadları yana-yana...
II
Dörd divar arasında
Ulayır yalquzaq külək.
Məzarımı qazın, gedim
Görüm nə istəyir fələk.
Yay günü mənim yuxuma
Qar düşər, bəyaz qar düşər...
Gəlsən qapımı döymə,
Barmaqların üşüyər.
Xəbərim yoxdu bu gün
Yaxınımdan, uzağımdan.
Payız yarpağı kimiyəm
Ayrılmışam budağımdan.
III
Dörd divar arasında
solur son arzum, gümanım.
Yollarımdan gözünü yığ,
Ay məndən sevgi umanım.
Ömrümün üstündə gəzir
Həsrətin, dərdin kölgəsi
Qeyb olur son ümidlərim,
içimdə boğulur səsim.
Otaqda ölüm mələyi
Köksümdə fələyin əli,
Dodaqlarımda qan tamı...
Ölmüşəmmi, qalmışammı?
Döşəməyə qan damır...
Ay işığı
Qaranlığın pərdəsini
Aralayır səssizcə...
Burdan çıxıb getsəydim,
Qarşı yatan qara dağa
Bir də qalxsaydım.
Son nəğməmi oxuyub,
Son duamı etsəydim
Və başımı qaldırıb
Göydə Aya baxsaydım,
Yenidən doğulardım
Və yenə sənə aşiq olardım.
YA ALLAH DEDİK
Düşdük bu yolların qara baxtına,
Yollar açılmadı- ya Allah dedik.
Deyirlər söz çəkər, ay dost, vaxtına,
Qollar açılmadı- ya Allah dedik.
Anadan doğulub gözü nəm olduq,
Ulduzlar altinda bəxti kəm olduq.
Fələyə çox yaxın, çox mərhəm olduq,
Dillər açılmadı- ya Allah dedik.
Adil, dumanlıdı yollar, dolaylar,
Kim səni haraylar, kim səni haylar.
Dəyişdi fəsillər, ötüşdü aylar,
İllər açılmadı- ya Allah dedik.
BU SEVGİ TALEDİ
Sənin dodağında şirin "ay lav yu",
Sənin barmağında nişan üzüyü.
Bir sevda bəlası izləyir bizi,
Bilirik ayrılıq gözləyir bizi.
Ağlamaq hədərdi, hədərdi, hədər,
Bu sevgi taledi, qədərdi, qədər.
Sənin gözləridən məhəbbət yağır,
Bu eşqin sonunu düşunmək ağır.
Sən mənim ümidim, arzum, həsrətim,
Sən mənim, sən nənim son məhəbbətim.
Buludlar qeyb olur axşama doğru,
İçimdə sevgi var, gözümdə qorxu.
Həsrət bütlərini yaxaram bir gün,
Mən uzun bir yola çıxaram bir gün.
Gedərəm, bu sevgi bir sirr adası,
İçimdə həsrətin əks-sədası...
***
Fələk düşsə izimizə,
Rüzgar əssə üzümüzə,
Ölüm əl eləsə bizə...
Yar görünər gözümüzə,
Bu sevdaya xəyal dedik.
Türk oğlu Türkdü adımız,
Büdrəməz bədöy atımız.
Qara torpaq muradımız
Mövlanadır ustadımız-
Biz gül dedik, hilal dedik.
İslam bizim imanımız,
Kitabımız- Quranımız
Min bir dərdə dərmanımız,
Uca Tanrı sultanımız,
Ya Hu, ya Hu, vüsal dedik.