Adil Şirin : - BAHAR DUYĞULARI ; DEDİK

Ədəbiyyat 16:58 / 19.03.2023 Baxış sayı: 1383

 

İlin son çərşənbəsi,

Tar səsi, kaman səsi.

Aynalarda baxtımız,

Könüllərdə taxtımız.

 

Hər uşaq bir çiçəkdi,

Hər ana bir mələkdi.

Qızlarımız həyalı,

İğidlərin xəyalı.

 

Durnalar göydən keçir,

Atlılar köydən keçir.

Qızlar urkək baxışlı,

Yaylıqları naxışlı.

 

Dağlar, daşlar oyanır,

Əlvan rəngə boyanır...

 

   DEDİK

 

Qədim bir türk elində,

Doğulduq at belində.

At belində doğulduq

Haqq dərgahını bulduq.

 

Bu yurda oba dedik,

Dağlara baba dedik.

Aya könül bağladıq,

Sirr verdik, sirr saxladıq.

 

Ox atıb ov ovladıq,

Sağ qalıb boy boyladıq.

Hər qayamız bir qala,

Çapıb getdik dörd nala.

 

Bu dünya bir aynadı,

Qılıncimız oynadı.

Bayrağımızda hilal,

Qanımız yurda halal.