Adil Misirli : - Köhnə kişilər ...Tərəkəmə oğlu

YAZARLAR 14:43 / 13.02.2024 Baxış sayı: 2164

 

Tərəkəmə!  Yəni ot, ələfin yoxluğu,  kəm olduğu ifadələrindən yaranıb. Köçəri el olan tərəkəmələr ilin  bütün fəsillərində mal – qara,  heyvan otlaqlarında ot, çəmən ardınca yer-yurdlarını vaxtaşırı dəyişmişlər. Tərəkəmə - tərki məkan deyimindən törəyib yəqin ki.  Axı tərəkəmələr fəsil dəyişəndə yaşayış məskənlərini dəyişməli olurlar. Yəni yayda yaylaqda, qişda qişlaqda, Aranda.

Bəzi qaynaqlarda yazırlarki, ərəblər türkmənlərə cəm halda tərəkəmə demişlər. Bu söz deyilişdə get-gedə tərəkəmə sözünə çevrilib.

    ... Hərə  bir ulduz altında doğulur,  bu dünyada  və hərə özünəməxsus bir ömür sürür, yaşayır. Kimin və necə yaşamasından asılı olmayaraq hamı öz fərdi yaşam, həyat tərzini daha doğru, tutduğu yolu daha düzgün hesab edir. Çünki biz az dərinliyə gedəndə görürsən ki, insan oğlunun qəlbi xudbinliklə nəfəs alır. Hamı təklikdə özünə haqq qazandırır, özünü ən ağıllı adam hesab edir. Bu fikir sözsüz xudbinliyin törəməsidir. Amma öz aramızdır, heç də hamının adı həyatda hörmətlə çəkilib, ehtiramla yad edilmir. Axı az adam vicdanının səsinə qulaq asıb, kişi kimi ömür sürür, ad qazanır. Bu yazıda beyninin sümüyünə qədər tərəkəmə, köhnə kişi olan bir insandan söz açmaq istəyirəm.

    1936-cı ildə Ağcabədi rayonunun Kəbirli kəndində dünyaya gələn Nuruş İsgəndər oğlu Əmrahov çox keşməkeşli, məşəqqətli, maraqlı və mənalı həyat yolu keçmişdir. Atası İsgəndər 1942-ci  ildə  1941-1945-ci il Vətən müharibəsində həlak olub. Onun harada, hansı şəraitdə öldüyünü bilən yoxdur.

    Yetimliyin nə olduğunu o qanlı - qadalı illərdə, lap uşaqlıqdan hiss edən, ehtiyacın hər üzünü görən Nuruş gözünü açandan kiprikləri ilə od götürüb. Ağır zəhmətlə təmasda  olub, hər cür əməyin qulpundan yapışıb. Pambıq yığıb, başaq toplayıb balaca Nuruş. Ailələrinin güzaranından ötrü çox əziyyətlərə qatlaşıb.

    Orta məktəb təzəcə bitirən 18 yaşlı Nuruşun bacarıq və fərasətini yüksək qiymətləndirən kolxoz rəhbərliyi onu o zaman çox məsuliyyətli bir işə, kolxoz  inşaat briqadasına rəhbər təyin edir. Dörd il bu vəzifədə məsuliyyət və yorulmadan çalışan Nuruş doğma kənddə fəaliyyət göstərən kolxozda bir çox inzibatı binanın inşasında öz bilik və bacarığını əsirgəmir. Sonra Ağdam Kənd Təsərrüfatı Texnikumunun meyvə - tərəvəz fakultəsini bitirən Nuruş Aran kəndində yerləşən “Azərbaycanın 60 illiyi” adına üzümçülük sovxozunda üzümçülük briqadiri işləyir. Daha sonra yenə həmin sovxozda düz 20 il təsərrüfatın  hər sahəsinə dərindən bələd olan Nuruş Əmrahov qoyunculuq müdiri vəzifəsində çalışır.  Harda, hansı sahədə  işləməyindən asılı olmayaraq, Nuruş  Əmirahov  həmişə ona göstərilən ehtimadı doğruldub,  üzərinə düşən vəzifə və tapşırıqları özünəməxsus cavabdehliklə yerinə yetirib. Başqalarına hörmət və qayğı ilə yanaşıb, şərəf və ləyaqətini həmişə yüksək tutub, qoruyub.

    Qanında, canında, ruhunda əsl tərəkəməçilik qaynayıb çağlayan, yayda Kəlbəcərin səfalı yaylaq və dağlarında keçirən, qışda doğma Aranda ömür sürən Nuruş kişi həmişə gözüaçıq, sayıq, sərvaxt, yetik, işgüzar, mərd, qorxmaz, qılıqsız, qürurlu və vicdanlı olub. Bütün bu kişi keyfiyyətlərini özündə cəmləşdirib  bərqərar  edən Nuruş dayıya hər yerdə, hər mahaldaböyük hörmət göstərilib, isti münasibət bəslənilibdir. Təsadüfi deyil ki, dağda müxtəlif mahaldan olan soydaşlarımız, Aranda isə mənsub olduğu Kəbirl elati ilə yanaşı qonşu Avşar vəQaradolaq camaatı bu kişi ilə həmişə hesablaşıb, onun haqq, ədalət tərəfdarı olduğuna görə böyük hörmətini saxlayıblar.  Bu gün 88 yaşı olmasına baxmayaraq, Nuruş kişi çox gümrah və qıvraqdır.  Bunun səbəbini soruşanda o, özünəməxsus nikbinliklə dedi:

Hər yerdə, hər zaman haqqın, ədalətin tərəfində olsan rahat yaşaya bilərsən. Mən heç vaxt bu katibdır, bu prokurordur deyə vəzifəlilərdən heç zaman qorxub çəkinməmişəm.  Gördüyüm iş və əməlləri lazımlı və xeyirxah  sandığımdan bir kimsənin kölgəsinə sığınmamışam. Ancaq özümə güvənib, hər zaman vicdanımın səsi ilə  təmasda olmuşam. Kişinin bir üzü, bir sifəti olar. Kişi tüpürdüyünü yalamaz. Həyatım boyu sözün əsl mənasında vuruşmuşam.  Bacardığım qədər yaşamağa,  yaratmağa həvəs göstərmişəm. Həyat eşqi içimdə  daima sönməz vulkan kimi püskürüb.  Təvazölü olduğum qədər  də qürurlu və məğruram. Çoxları məni həyatda sındırmağa, aşağılamağa çalışıb. Amma mən həmişə çalışmışam ki, belələrindən bir addım da olsa irəlidə gedim.  Uzaqgörən olmuşam. Siyasi səhvlərim cüzi olub. Bu da ürəyə inam, təpər gətirir.

    Çox vaxt Aranda yaşasam da,  başqaları kimi daşdan süzülən kanal suyu ( o  vaxtlar) içməmişəm. Sərin bulaq suyu sirdaşım olub. Çox yeməkdən də qaçmışam. Çox yemək adamı ağırlaşdırır, tez qocaldır. Əsas odur ki, nəfsini saxlamağı bacarasan. Düzgün qidalanasan. Axşam saat yeddidən sonra  yemək yemirəm. Bu vaxt  ağartı, meyvə yeməyə üstünlük verirəm.

    Nuruş kişi burada  bir az qımışıb sükuta daldı. Sonra handan – hana söhbətinə davam etdi:

    Atalar sözümüzü “Pendiri dəri saxlar, arvadı əri” birtərəfli anlam daşıyır. Bu kişinin həyatında qadının oynadığı rolu kiçildir, tam əhatə etmir. Əslində kişi arvadsız təkqanad, yarımçıqdır. Arvadsız kişi olmaz. Allah atasına rəhmət eləsin, mənim belə cavan qalıb, gümrah olmağımda həyat yoldaşım Şahzadə xanımın böyük əməyi var. Mən bir az fərqli, özünəməxsus adamam. Kür olduğum vaxtlar çox olub. Amma Şahzadə min bir nazıma dözüb, kişi qizi kimi hər qayğımı çəkib. Allah ondan razı olsun.  Və bir də mən tərəkəmə oğlu uzun müddət qoyunçuluq müdiri işləsəm də heç vaxt qoyun ətini sevməmişəm, yeməmişəm. Dana əti də həmçinin.  Uzağa getməyək, dananın çəkisi adamın çəkisindən azı 2 dəfə artıq olur. Mən bir tərəkəmə kimi deyirəm ki, insan bədəni dana ətini tamhəzm etmə gücündə deyil. Quzu ətinin həvəskarıyam. Indinin özündə də kəndimizdə olmayanda, atla gedib qonşu kəndlərdən ancaq quzu əti alıram.

    Müdirlikdən çoxdan çıxsam da, arvad mənə hələ də müdir deyir. Mən də özümü gümrah hiss edir, müdir kimi yaşayıram...

    Nuranı, ağsaqqal, qartal  baxışlı Nuruş kişinin ömür  kitabını yenidən səhifələməyə  başladıq. Belə bir atalar sözü var ki, kişi ev tikib, oğul böyüdüb, ağac əkməlidir. Nuruş kişi tərəkəmə, əsl milli kişi olduğundan bu şərtlərətam əməl edib. On övlad atası olan o, bir çox yerlərdə bina qurub, yaşayıb.  Beş ev inşa edib. Ağcabədinin Kəbirli kədində çiy kərpicdən evi ilk dəfə Nuruş kişi tikib. Yenə həmin Kəbirli kəndində daş evi, özü də ikimərtəbəli yenə Nuruş kişi tikdirib. Saysız – hesabsız ağac əkib. Sağlığında  rəhmət qazanıb. Xeyirxah əməlləri, başqalarına köməyi, açıq ürəyi ilə hamının hörmətinə yiyələnən Nuruş dayı altı qiz, dörd oğul böyüdüb. Çox sayda nəvəsi, iki nəticəsi var. Onun ən böyük arzularından biri nəticə toyu görməkdir. Indiyədək içindəki hədsiz inam, nikbinlik , bir də ümidləinanırıq ki, o, bu arzusuna  nail olacaqdır.

    Əzab- əziyyətlə, eyni zamanda maraqlı ömür sürən Nuruş kişi ilə keçmişdən , gələcəkdən söhbət edəndə adamda  müsbət enerji yaranır, onun aurası ətrafdakılara da  sirayət edir. Içi xeyirxahlıq, insanlıq, insaf, mərdlik, mətinlik, yaşam eşqi ilə dolu olan Nuruş kişi dərin bir ümmanabənzəyir. Bu ümmandan kimin bəxtinə çox demirəm, bir damla belə düşsə belələri xoşbəxt adamlardır. Çünki Nuruş dayı xoş günlərini, sevincini həmişəətrafdakılar ilə bölüşmüşdür...

Nurlu, xoşçöhəli Nuruş kişi həm də işiqlı insandır. Onun ocağında, evində daim işıq olmuşdur. Və  bu işğa toplaşanlar, ondan nur alanlar həmişə olub. Çünki Nuruş dayının yerlı – yataqlı söhbətləri, müdirik məsləhətləri çoxlarının imdadına yetib, köməyinə çatıb.

    ... Həyat, yaşamaq haqqında çox fikirlər var. Həyatı hərə öz fərdi düşüncə tərzinə, şüuruna, dərrakəsinə görə  qavrayır və qəbul edir. Və hərə özünününkü olan bir ömür yaşayır. Burada bircə fəqr var. Kim və necə yaşayır.  Bu haqda düşünəndə görürsən ki , insan oğlu nə qədər çalışıb, oxuyub öyrənsədə, bilmədikləri həmişə bildiklərindən çoxdur. Və bu çoxu az etmək şüphəsiz  çoxlarına nəsib olmur. Bir onu anlayırsan ki, Tanrı tərəfindən ayrılan, həyat dediyimiz  zamanı mərd, kişi kimi, qılıqsız yaşasan təkcə öz ailənin deyil, qohum - əqrabanın, el – obanın da başını uca tutmuş olursan. Etdiyin təmənnasız əməllər, xeyirxah işlər, başqalarına  göstərdiyin kömək və qayğı öz işini görür. Yəni kişi adını şərəf və ləyaqətlə daşımış olursan. Nuruş kişi kimi...

    Nuruş kişinin yaxından, dərindən tanıyandan sonra belə qənaətə gəlirsən: “Nə yaxşı ki, bu dünyada Nuruş kişi kimi mərd, qeyrətli, haqq və ədalətin keşiyində sayıq duran, kişi adını sözün əsl mənasında qürurla  daşıyan və doğruldan Köhnə kişilər var”.

    Iş elə gətirdi ki, bu yazının çapı ləngiməli oldu. Xeyli müddət Nuruş kişi ilə görüşə bilmədik. Amma bu yaxınlarda fürsət tapıb onu yenidən ziyarət etdim. Hər sey öz yerində, qaydasında idi. Həyat da öz axarı ilə gedənə oxşayırdı. Bircə şeydən başqa...

    Mənim aləmimdə bəşər övladının etdiyini ən böyük kəşflərdən biri  ailə qurmaq adətidir. Bu adət o qədər bəşəri, humanist, xeyirxah və uzaqgörəndir ki, kainatın bütün millət və xalqları, tayfa və qəbilələri milli mənsubiyyət və dinlərindən asılı olmayaraqailə qururlar. Bu alqışlamalı  haldır və nədənsə, hardasa elə Nuruş kişinin nurlu gözlərinin dərinliyində əvəzolunmaz bir kədər, qussə sezdim. Düşündüklərimi ürəyimdə saxlaya bilməyib, bunun səbəbini soruşdum. Nuruş kişi söylədi ki, illər boyu birgə ömür sürdüyü həyat yoldaşı Şahzadəxanım artıq dünyasını dəyişib. Onu da əlavə etdi ki, həyatın bu cür gedişatını  nə düşünən beyni, nədə vuran ürəyi qəbul etmir. Həyat yoldaşının yoxluğu  onun övkəsini yandırır. Yaşadığı sarsıntını Nuruş kişi belə dilə gətirdi: “Elə bil uçurumu olan hündür bir təpənin üstündə, başındasan. Nə irəli gedə, nə də arxaya dönə bilirsən. Çətindir,  çox çətin.”

Ağsaqqal, müdrik, əsl Köhnə kişi olan Nuruş dayının bu sözlərindən təsirlənsəm də kömək əlimi uzada bilmədim. Təsəlli verə bilmədim. Təsəli verməyə nə var ki, bu çox asandır...

 

 Adil Misirli,

  Qarabağ üzrə bölgə müxbiri.