Xanım İsmayılqızı - Aldanmağı bacarsaydım,

Ədəbiyyat 10:25 / 01.04.2025 Baxış sayı: 1073

 

Aldanmağı bacarsaydım,

Mən də bir az aldanardım.

Tutub nağılın əlindən,

Olmayana yollanardım.

 

Doğruların şilləsindən,

Sarsıntının pilləsindən,

Varlığımın qülləsindən,

Xəyallara tullanardım.

 

Pozulan yazı alında,

Qolum yalanın qolunda,

İsmimin altı halında,

Mən də bir az hallanardım.

 

Qaranlığımdan sönərək,

Həqiqətimdən enərək,

Uşaqlığıma dönərək,

Yelləncəkdə sallanardım.

1 aprel, 2014.