Cabir Novruz : - TƏLƏSİN İNSANLAR

Ədəbiyyat 08:57 / 04.04.2025 Baxış sayı: 1147

 

Tələsin, insanlar, şadlıq görməyə,

Qəm qüssə görməyə gecikin bir az.

Tələsin, insanlar, deyib-gülməyə,

Göz yaşı tökməkdən bezikin bir az.

Siz hərdən çıxarın xatirinizdən

Həyatda pislik var,qəm var, kədər var,

Siz hərdən çıxarın xatirinizdən

Həyatda dəhşətli faciələr var.

Xəyallar qoynunda uyuyun təmiz,

Ömr edin, yaşayın fikrinizdə nur,

Siz elə zənn edin planetimiz

Xeyirxahlıq üstə fırlanır,durur.

Tələsin, tələsin, tələsir zaman,

Düzəlməz işə də düzəldi deyin,

Hərdən qocaya da gəncsən cavansan,

Hərdən kifirə də gözəldir deyin.

Səs salın səmaya, suya, torpağa

Bu yola çağırın nəsilləri də,

Tələsin,adamlar əldən tutmağa,

Fəqət ev yıxmaqda qalın geridə.

Nə olar, bu dünya uçmayacaq ki,

Dərdli ürəklərin sevinci olun,

Siz günah yumaqda birinci, ilkin,

Günah işləməkdə mininci olun.

Tələsin yaxşılıq daşımağa siz,

Onun yollarını tutub kəsməyin,

Tələsin ömr edib, yaşamağa siz,

Ölməyə, ölməyə çox tələsməyin...