Ulkər Nicatlı : - Dəsmal tək atılıb o tənha yarpaq,

Dəsmal tək atılıb o tənha yarpaq,
Məhəbbət qoxulu görüş yerinə.
Götür isti - isti bu ayrılığı,
Qoy gözün üstünə öpüş yerinə.
O qara saçların ,qara gözlərin,
Bir həsrət qoxulu bənövşəlikdi.
Çiçək tək açılır ,solur da sevgi,
Həsrət bu dünyada həmişəlikdi.
Alın yazımızı bir əlçim kimi,
Götürüb apardı Məcnun küləklər.
Mənim həsrətimi,sənin qəmini,
Soyuq gülüşlərdə dəfn edəcəklər.
Həsrət sevgilərin görüş yeridi,
Bir həsrət göyərir bir dərd qocalır.
Qərib sevgilərin qəbri başında,
Küləklər hər axşam “Vağzalı “ çalır.