“PALİTRA” ƏDƏBİ KLUBUNUN BAYRAM SEVİNCLİ ANLARI

MƏDƏNİYYƏT 12:09 / 31.03.2025 Baxış sayı: 1642

 

Dünən (30.03.2025) uzun illərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyiət göstərən və hər ayın sonuncu bazr günlərində yazarları bir araya gətirən “Palitra” Ədəbi Klubunun növbəti yaradıcılıq günü keçirilmişdir. Bölmənin rəhbəri İsmayıl İmanzadə əvvəlcə Ramazan Bayramı münasibətiylə həmkarlarını təbrik edərək, onlara xeyir-dualarını ünvanlamış, sonrasa aprel ayında görülməsi nəzərdə tutulan tədbirlərdən söz açmışdır.

Son bir ay ərzində ədəbi aləmdə diqqətiçəkən xəbərlərlə ilgili fikir mübadiləsi aparılandan sonra yazarlar son vaxtlar yazdıqları əsərlərini diqqətə çatdırmışlar.

Bölmə rəhbərinin “müşaviri” adlandırılan ədəbiyyat sevdalısı Rəşid Rəsulov bayram sevincini tədbir iştirakçılarıyla paylaşandan sonra bölmə rəhbəri ömrünün ahıllıq çağlarını tək-tənha yaşayan Ağabala Salahlıya xitabən: “Heç fikir eləmə, şair dostum, bu dünyada çəkdiyin əziyyətlərin müqabilində ulu Tanrı axirət dünyasında səni hurilərdən biriylə vüsala çatdıracaq!” Yaxşısı budur gözəllərə yazdığın şeirlərdən birini de, gəlsin!”

Ağabala kişinin səsləndirdiyi şeiri təbəssümlə qarşılandı. Mahir Musanın yurdumuzun gözəlliklərindən bəhs edən yazısı da hamının eynini açdı.

Tanınmış şair, qoşma və gəraylıları ilə həmişə söz məclislərini al-əlvan söz çalarlarıyla zəninləşdirən Əhməd Əfsunun çıxışının sonunda oxuduğu təzə bir gəraylısı hamı tərəfindən alqışlandı. Gənc şair, AYB-nin üzvü Nicat Hunalpa növbə çatanda, bölmə rəhbəri təbəssümlə dedi: “Son iki ildən bəri yazarlarımızın sıralarına qoşulan cavan yazar dostlarımız Elçin Məhərrəm, Nicata Hunalp, Şamil Həsən və Məcnun Məmişovun uğurları göz qabağındadır. Şükürlər olsun ki belə istedadlı qələm sahiblərinə etimad göstərməkdə yanılmamışam!..” Nicat oxuduğu yeni şeiriylə, Şamilsə yığcam bir hekayəsiylə bölmə rəhbərinin dediklərini bir daha təsdiq etdilər.

Satrik şeirləriylə tanınan şair Eldəniz Cəfəroğlu bu dəfə də oxuduğu üç şeiriylə haqsızlıqların pərsənginə çevrilən bəzi harın məmurları, xalqımızın gününə-güzəranına qənim kəsilən antipodları yerlə bir etdi.

Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehban Rəsulovun xalqımıza və yazar həmkarlarımıza ünvanladığı səmimi sözlərindən sonra, şair İsmayıl İmanzadə bu dəfə uşaqlar üçün yazdığı üç kiçik şeiriylə söz məclisinə unudulmaz anlar bəxş elədi və tədbir elə bu yüksək əhval-ruhiyyə ilə də sonuclandı.

Vahid Qafarlı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

+6

Bütün reaksiyalar:

3232