"ŞƏFƏQ" jurnalının TƏQDİMATI

MƏDƏNİYYƏT 07:23 / 06.04.2025 Baxış sayı: 1404

Yenises.az  xəbər  verir  ki, dünən  yəni 5 aprel 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin "Söz" Ədəbi Məclisində Bölmənin ədəbi-bədii orqanı olan "ŞƏFƏQ" jurnalının 2025-ci ilin 1-2-ci sayının təqdimatı keçirildi.

Təqdimatda bölgədə yaşayıb yaradan yazarlar istirak etdilər. Təqdimat  tədbirini  Bölmənin  sədri, jurnalın  baş redaktoru  yazıçı- publisist  Qafar  Cəfərli   açaraq  iştirakçıları  salamlayıb . 

 O, jurnalın yeni sayının çıxması münasibətilə müəllifləri təbrik edib, onlara yaradıcılıq uğurları arzuladı. Jurnalla bağlı görülən işlərdən, nəşrə hazırlıq prosesindəki çətinliklərdən danışıb, hər bir müəllifi jurnala mənəvi dəstək olmağa çağırdı və sonra sözü tədbir iştirakçılarına verdi. Bölgənin ayrı-ayrı rayonlardan tədbirdə iştirak edən şair və yazıçılardan Xanlar Həmid, Bilal Alarlı, Baləddin Veşo, Ziyafət Yəhya, Sərraf Talıb, Məmməd Əvəzoğlu, Sevil Azadqızı, Əlövsət Tahirli, Arzu Əyyarqızı, Mikayıl İncəçaylı, Qurban Əhməd, Həsən Bədəlov, Nurkəlam Hüseynli, Qorxmaz Kamil Kadusi, İltifat Əhmədov, Əlizadə Əsədov, Salman Məmmədoğlu, Aşıq Faiq Qəmgin, İlqar İsmayılzadə və başqaları çıxış edərək jurnalın əvvəlki saylara nisbətən daha sanballı və zəngin olduğunu bildirib, ədəbiyyatın müxtəlif janrlarında qələmə alınmış bədii, elmi və publisistik əsərlərə öz səhifələrində yer ayırdığını alqışladılar. AYB Lənkəran Bölməsinə, jurnalın nəşrində zəhməti olan hər kəsə minnətdarlığını bildirib, müəllifləri təbrik etdilər. Jurnalla bağlı arzu və təkliflərini bildirdilər. Tənqidçi, şair Sevil Azadqızı və yazıçı-publisist İlqar İsmayılzadə yeni çapdan çıxmış kitablarını tədbir iştirakçılarına hədiyyə etdilər. İlqar İsmayılzadə "Həmaşara" mətbu orqanının Fəxri Diplomunu bölmənin sədri Qafar Cəfərliyə təqdim etdi. Şairlərdən Məmməd Əvəzoğlu, Ziyafət Yəhya, Salman Məmmədoğlu, Nurkəlam Hüseynli, Arzu Əyyarqızı, Mikayıl İncəçaylı və Faiq Qəmgin yeni qələmə aldıqları şeirlərini oxudular.

Sonda bölmənin sədri Q.Cəfərli söylənilən arzu və təkliflərə münasibətini bildirib tədbiri yekunlaşdırdı.