Şakir Xanhüseyn : - QƏLPƏLƏR

**
daha bir kimsənin ad gününə mən
bağlayan deyiləm söz buketləri...
***
dua eləyirəm özümə elə,
özümdən bir kömək olmazsa, heç nə...
***
Baxıram, baltanın ağzından
kəsdiyi ağacların qanı damcılayır...
***
kor olsun zəmanənin gözü...
***
Od da, su da qorxuludur,
odla suyun arasında qalmaq var;
dəhşət budur...
***
bilirsən, elə var olan yox olur...
***
susuzluq axır çaylarda su...
***
Qaranlıq-
yorğun düşmüş, qanı qaralmış işıq...
***
Hər şey
keçib gedir gələcəkdən...
***
Kədərinə deyil, qədərinə bağlan,
qədərinə deyil, qədərini yazana bağlan;
özünə odağlan, özünə...
***
zalım ağac,
kölgəni ancaq uzaqlara salırsan...