Tahir Rzayev, millət  vəkili : -  "Tamaşaçı özü də münasibət bildirməlidir."

MƏDƏNİYYƏT 14:10 / 19.08.2025 Baxış sayı: 5363

vSon illərdə Azərbaycanda tamaşaçıların böyük əksəriyyəti yerli seriallardan daha çox türk seriallarına üstünlük verir. Bunun həm milli mədəniyyətə, həm də gənc nəslə təsirləri müzakirələr doğurur. Bir çox insan xarici serialların mənfi təsirlərinin daha çox olduğunu düşünür. Hətta bəzi şəxslər ailə institutunun dağılması və boşanmaların sayındakı artıma təsir edən faktorlardan biri kimi türk seriallarını ön plana çəkirlər.


Bu  mövzu  ilə  bağlı  mətbuata  açıqlama  verən  millət vəkili Tahir Rzayev bildirdi ki, istər türk, istərsə də Azərbaycan serialları olsun, əsas məsələ milli-mənəvi dəyərlərə və əxlaqa üstünlük verilməsidir:

“Əgər seriallarda milli- mənəvi dəyərlərimiz  ,  əxlaq və insan həyatına dair düzgün mesajlar önə çəkilirsə, bu, müsbət haldır və belə serialların təbliği vacibdir. Amma təəssüf ki, bir çox hallarda əks mənzərə ilə rastlaşırıq. Zalımlığı, qəddarlığı, oğurluğu, digər mənəviyyatsızlıqları təbliğ edən, sənətkarlıq baxımından zəif olan seriallar insanların əxlaqına zərbə vurmaqla yanaşı, onların gələcək həyatına da mənfi təsir göstərir. Boşanmaların artması və bir çox əxlaqi dəyərlərin arxa plana keçməsi də bunun nəticəsidir”, - deyə o bildirib.
Millət  vəkili  bunu da  vurğulayıb ki,: “Ağıllı insan öz mədəniyyətini və tarixini qoruyursa, belə mənfi təsirli seriallara baxmaz. Azərbaycanda da keyfiyyətli seriallar çəkilib, lakin əksəriyyətinin səviyyəsi aşağıdır. Rollar, hadisələr, dialoqlar tamaşaçının qəlbini fəth edə bilmir, əksinə, neqativ emosiyalar oyadır. Türk seriallarının isə tarixi kökləri daha dərin olduğundan və aktyorları daha istedadlı olduğundan onların keyfiyyəti də yüksəkdir. Ona görə də tamaşaçının onlara üstünlük verməsi təbiidir”.

Mövzuya  münasibətinin yekunu  olaraq Tahir  Rzayev xatırladıb ki, “Ssenarilər və çəkilişlər yaradıcı insanların baxışından asılıdır. Digər tərəfdən, tamaşaçı özü də münasibət bildirməlidir. İnsanlar mənfi təsirli seriallara baxmağı dayandırsalar, baykot etsələr, nəticə əldə etmək mümkündür”