Tahir Rzayev, komitə sədri : -   "Bələdiyyə   seçkiləri  ölkənin ictimai həyatında çox mühüm bir hadisədir"

HÜQUQ 14:38 / 07.01.2025 Baxış sayı: 1232

Azərbaycanda bələdiyyə seçkilərinə təxminən iyirmi  gündən artıq  bir zaman qalıb. Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 mini ötüb. Onlardan 8429 nəfəri 23 siyasi partiyanı təmsil edir. Seçkilər ölkə üzrə 685 bələdiyyəni əhatə edəcək və həmin bələdiyyələr üzrə ümumilikdə 8071 bələdiyyə üzvü seçiləcək. Ən  çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək. Bundan əlavə, Prezident İlham Əliyevin ötən ay təsdiqlədiyi “Qrant haqqında” qanuna dəyişikliyə əsasən, bələdiyyələr qrant da ala  biləcək. Qanun bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Bəs bələdiyyələrin əsas fəaliyyəti nədən ibarətdir?

Yenises.az  xəbər  verir  ki, bununla  bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bələdiyyələr qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərdikləri ərazilərdə yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həlli ilə məşğuldurlar. Onun sözlərinə görə, bu, demokratik bir təsisatdır və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti demokratik və sivil dövlətlər üçün çox əhəmiyyətlidir.

Komitə sədri bildirib ki, bu baxımdan ilk bələdiyyə seçkiləri olmamışdan beş il əvvəl Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsi sırf yerli özünidarə orqanlarının fəaliyyətinə həsr olunub: “Sözsüz ki, həm ana qanunumuz, həm də bir çox qəbul olunmuş qanunlar və qanunlara edilmiş əlavə dəyişikliklər bələdiyyələrin fəaliyyətinin bilavasitə təkmilləşdirilməsinə istiqamətlənib. Bələdiyyələr fəaliyyət göstərdikləri ərazilərdə son illərdə müəyyən nəticələr əldə ediblər. Ancaq bunu bütün bələdiyyələrə şamil etmək olmaz. Ancaq təəssüflər olsun ki, işinin öhdəsindən gəlməyən bələdiyyələr də var və bu bələdiyyələr tədricən fəaliyyət meydanından kənarlaşdırılıblar”.

T.Rzayev bələdiyyələrdə iki dəfə islahat aparıldığını və bələdiyyələrin sayının təxminən 1200-dən çox azaldığıı xatırladıb: “Bu islahatlar nəticəsində yanvarın 29-da gedəcəyimiz seçkilərdə də bələdiyyələrin sayının birləşdirilməsi zəruri hesab olunub və 1 400 bələdiyyə birləşdirilərək ümumi say 685-ə endirilib. Bu, təbiidir. Çünki kiçik bələdiyyələrin əmlakı, torpağı və maliyyə vəsaitləri yoxdur. Təcrübə də göstərdi ki, həmin bələdiyyələr ərazilərdə heç bir iş görə bilmirlər. Buna görə də onlar birləşdirilərək ləğv olundular”.

Komitə sədri vurğulayıb ki, bələdiyyələrin büdcəsi sərbəstdir, bələdiyyələr öz büdcələrini özləri formalaşdırır və əldə etdiyi maliyyə vəsaitlərinə görə də müəyyən tədbirlər həyata keçirirlər, eləcə də əməkhaqqını da həmin məbləğə uyğun hesablayırlar:

“Sözsüz ki, bu gün Azərbaycanda büdcəsi milyonları keçən bələdiyyələr də var. Həmin bələdiyyələrdə işləyənlər, əlbəttə ki, digərlərinə nisbətən daha yüksək əməkhaqqı alırlar. Burda bir şərt yoxdur. Çünki yenə də deyirəm, büdcənin formalaşdırılmasında bələdiyyələr sərbəstdirlər və onların öz vəsaitlərini hara və necə xərcləməsi ilə bağlı qadağalar qoyulmur. Amma bu büdcə qanuna uyğun formalaşdırılmalıdır və xərclər də qanunun tələbləri əsasında istiqamətləndirilməlidir”.

“Qarşıdan bələdiyyə seçkiləri gəlir. Sözsüz ki, bu, ölkənin ictimai həyatında çox mühüm bir hadisədir və mən elə bilirəm ki, bu yeni seçiləcək bələdiyyə orqanları əvvəlkilərə nisbətən daha səmərəli fəaliyyətlə məşğul ola biləcəklər. Çünki dövlət yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin artırılmasında maraqlıdır. Bu, bilavasitə dövlətin yükünün müəyyən qaydada bələdiyyələrə keçirilməsidir. Ona görə də bura daha təşəbbüskar, daha qabiliyyətli, insanlar arasında hörmətli hörməti olan adamların seçilməsi vacibdir”, - T.Rzayev əlavə edib.