SÜLEYMAN ABDULLA. - GÜLMƏLİ ŞEİR

Ədəbiyyat 15:23 / 31.08.2025 Baxış sayı: 2483

 

Təkcə ağlamalı deyil bu həyat,

Qərib halımızdır elə gülməli.

Ömürdür verilən dörd fəsil ildə,

Bir yol uf demədən yelə gülməli.

 

Bir az tale küskün, bir az bəxt cığal,

Candı da... nə var ki, rahatca sıx, al.

Başa yağlı qapaz, darağa sığal,

Gələr şit yerindən telə gülməli..

 

Çoxdur deyiləsi, susub deməli,

Əyridir özülü, kəcdir təməli.

Bir ömür içilən and var, yeməli,

Görünür "bizon"a, "hel"ə gülməli.

 

Bilinir kim kimin əziz malıdır,

Kef olan sonrakı işin dalıdır.

Nə olsun haqq, hüquq ağlamalıdır,

Ədalət harda var belə gülməli?!

 

Söhbət qapalıdır nə yol, nə səki.

Xalq oynayan nərddə nə "dü", nə "sə" ki...

Halallıq aparan o şey nəsə ki,

Fitnəyə, fəsada, felə gülməli.