Sevinc Qərib : - SƏNİN BAXIŞINDA ÜMİD GƏZİRƏM...
Səndən əlimi üzəndə
döyürəm göyün qapısın,
qapının o üzündən
tənbəl mələklərin səsi eşidilir,
yerimirlər,
ləng addımlarla sürüyürlər ayaqlarını.
İl keçir,
zaman ömrümün başına dolanır,
qapı açılmır ki, açılmır...
Unudulur dərdim,
başqa bir dərdin kölgəsində...
Səndən ümidim kəsiləndə
əlimi açıram göyə,
əlim asılı qalır havada,
mələklərin yorğun vaxtına
düşürəm yenə...
Göydən əlim üzüləndə,
yenə qapını döyürəm,
göydən ümidim kəsiləndə
sənin baxışında ümid gəzirəm...