SEVGİNİN ÖLÜMƏ GEDƏN YOLU - Səlbi Baxış

YAZARLAR 11:02 / 14.04.2025 Baxış sayı: 6525

Tanınmış yazıçı-publisist Fazil Sənanın bir çox əsərləri ilə yaxından tanışam. Bu yaxınlarda müəllifin “Bağışlanmış günah” (Bakı, “Esporint” 2022) adlı romanını oxudum. 360 səhifədən ibarət olan romanın iki aya yazılması tarixi ilə tanış olanda yazıçının iş qabiliyyətinə heyrətimi gizlədə bilmədim. Demək olar ki, romanı bir nə­fə­sə oxudum.

Yazıçı öz duyğularını, cəmiyyətdə baş ve­rən mənfi və müsbət əxlaqi keyfiyyətləri oxucu­ya çox ustalıqla çatdırır. O, bu romanda həmdə in­sani keyfiyyətlərin ən alisi olan sevgi, məhəb­bə­tin ucalığını psixoloji baxımdan oxucuya mü­vəf­fəqiyyətlə aşılamağı bacarıb.

Fazil Sənanın əsərləri sadə xalq dilində yazılması ilə fərqlənir. Əsərlərində tez-tez atalar sö­zü­nün işlənməsi müəllifin faktlara bələdçiliyi­nin göstəricisidir desək, bizcə səhv etmərik. Çə­ti­ni yazıçının hər hansı bir əsərindən beş-on səhi­fə­ni oxumaqdır. Sonrası ilə işin yoxdur, əsərdəki hadisələr səni öz arxasınca elə aparır ki, birdə o vaxt özünə gəlirsən ki, əsəri oxuyub qurtarmısan. Yəni onun əsəri o qədər oxunaqlıdır ki, oxucu on­dan ayrılmaq istəmir. Əsər səni öz ağuşuna ne­cə alırsa elə birdə görürsən ki, onun içindəsən. Ora­da özünü görürsən. Onun təsirindən bir müd­dət yaxa qurtara bilmirsən. Budu, əsərin böyük­lü­yü.

Günümüzün ədəbiyyatında ən qaynar qol olan Qarabağ müharibəsinin törətdiyi  vəhşiliklər nəticəsində dağılmış ev-eşiklər, çırağı sönmüş ailə­lərin, ayrı düşmüş sevgililərin, məcburi köç­kün­lərin ağrı-acısı, Vətən həsrəti, yurd nisgili, ca­­van qız və oğlanlarımızın taleyi, bir parça çö­rə­yin arxasınca xarici ölkələrə üz tutan ailələrin qarşılaşdığı hadisələr “Bağışlanmış günah” ro­ma­nı­nın əsas süjet xəttini təşkil edir.

“Bağışlanmış günah” romanında  da müha­ri­bənin insan talelərinə vurduğu ağır zərbələr iz­siz keçinmir.

Roman əsasən iki gəncin keçdiyi həyat yo­lundan bəhs edir. Onların həyatda qarşılaşdığı çə­­tin­likləri, yaşadıqları bütün ağrı-acıları yazıçı çox məharətlə əks etdirə bilmişdir.

Müəllif “Bağışlanmış günah“ romanında  baş qəhrəman olan Xəyalın timsalında əsil Azər­bay­can oğlunun igidliyini, mərdliyini, dosta, ailə­yə, qadına, əsasən sevdiyi qıza qarşı dürüst, səda­qət­li və təmkinli münasibətini ön plana çəkmiş­dir. Romanda yazıçı azərbaycanlı gənclərin Azər­­bay­canın müstəqilliyi  uğurunda necə can­fə­şan­lıqla mitinqlərdə fəal iştirak etmələrini ,  qanlı  20 Yanvar gecəsində də ölümün gözünə qorx­ma­dan dik baxmalarını gələcək nəsillərə müvəf­fə­qiyyətlə ötürə bilmişdir.

Qanlı 20 Yanvar gecəsində Sovet ordusu­nun Bakıya daxil olmasına qarşı çıxan etiraz ak­si­yasına  qoşulanlar içərisində Pərvinin, Xəyalın və Xədicənin timsalında damarlarında qaynar qan axan gənclərimizi görürük. Pərvinin yaralan­ma­sı səhnəsi onu göstərir ki, neçə-neçə Azərbay­can gəncləri ölümdən qorxmadan düşmənin gö­zü­nün içinə baxa-baxa sinələrini gülləyə sipər etdilər. Təki doğma Ana Vətən sağ olsun, əbədi yaşasın - dedilər.

Xəyalın ön cəbhəyə Pərvinin arxasınca get­məsi və öz aralarında Xəyalın “Əzizim, bu qızıl sep bu gündən bizim rəsmi sənədimiz olsun “de­məsi gəncliyin məhəbbətə dürüst, sədaqətli ol­masını tövsiyə edir.

Xəyal Pərvindən ayrılan zaman “Mühari­bə­nin işini bilmək olmur. Əgər qayıtmasam məni gözləmə, ailə qur” deməsi hər nədən sonra sev­di­yi qızın xoşbəxt olmasını yazıçı sevginin ən ali uca­lığını kövrək bir  qəlb ilə qələmə almışdır.

Xəyal müharibədə əsir düşür. Ondan heç bir xəbər ala bilməyən Pərvin ailəsinin təkidi ilə ailə qurmaq məcburiyyətində qalır. Qazanc məq­sə­di ilə Rusiya ölkəsinə üz tutan Pərvinlə Rövşə­nin simasında Azərbaycan ailələrinin ailə dra­mı­nı ya­zıçı göz önünə gətirir. Rövşənin cibi pul tanı­yan­dan sonra necə dəyişməsi , ailəsinə qarşı so­yuq­luğu, xəyanəti sonda  ailənin dağılmasına sə­bəb olur. Bəli, burda yazıçı Azərbaycan qadı­nı­nın nə  qədər səbirli, dözümlü və müdrik olma­sı­nı da oxucuya çatdırır.

İllər sonra tale Xəyalla Pərvini bir təsadüf nəticə­sində qarşılaşdırır. Onların bir-birinə olan təmiz, saf sevgisi yenidən onları  qovuşdurur. An­caq milli adət-ənənəmiz bu təmiz sevgiyə qarşı çıxır. Qınaq atəşinə tutulur. Onların bu hərəkətini cəmiyyət əxlaqsızlıq kimi qiymət­lən­dirir. Çünki Pərvin nənə, Xəyal isə babadır.

Fazil Sənan qələminin ən gözəl özəllik­lə­rin­dən biri də ailələrdə olan qarşılıqlı ata, ana və övlad sevgisi zamanı arada olan pərdənin götü­rül­məməsini diqqətdə saxlamasıdır. Axı, bura Avropa deyil.

Bir təsadüf nəticəsində Elxan anası Pərvi­nin Xəyalla olan sevgi münasibətini bilir. Anası­na “Hamısını oxudum. Mənə hər şey indi aydın oldu. Maraqlıdır ki, ərinin ona xəyanət etdiyini ba­ğışlaya bilməyən bir qadın, hansısa başqa bir qadının  ərini əlindən alır, ailəsini dağıdır.

...Övladına töhmət gətirən ananın yaşama­ğın­dansa yaşamaması daha məsləhətdir” deyən El­xan hirslə qapını çırpır və anasının otağından çıxır.

Baxın, burada sevgidən ölümə gedən yo­lun psixoloji sarsıntılarını yazıçı incəliyinə kimi can­landırır. Oxucu istər-istəməz Pərvinin iztirab­la­rına şərik çıxmaqla yanaşı, bundan sonra  nə edəcəyi həyəcanını onunla  birgə yaşayır.

Budur, milli mentalitetin qəbul etmədiyi əx­laq norması. Çox fikirləşəndən sonra Pərvin ba­şa düşür ki, bundan sonra bu utancla yaşaya bilməyəcəkdir. Ona zillənən baxışlarda oxunan qınaq və  kinayə onu göstərir ki, o, “fahişə”dir.

Pərvin həyatın keçməkeşlərindən, müha­ri­bə­nin od-alovunda sınaqdan keçmiş təmiz və mü­qəd­dəs sevgisinin açığa çıxdığında hissiy­ya­tı­nı, qadınlıq qürurunu qorumaq üçün ölümü çı­xış yolu kimi seçir. Pərvinlə Xəyalın bu saf sev­gi­sini anlamaq üçün gərək onların yerində ola­san. Yalnız onda anlamaq olar ki, bu sevgi ötəri bir hiss deyil. Onları həyata bağlayan yalnız bu sevgi idi. İş işdən keçəndən sonra heç nəyin insa­na xeyri yoxdu. Necə deyərlər, sonrakı peşman­çılıq heç kimə xeyir verməyib. Bəli, bu qınaq on­la­rı ölümə apardı. Pərvinin yazdığı “Vida” mək­tu­bu oğlunun əlinə keçəndə artıq hər şey gec idi. Oğlunun peşmançılığı heç bir fayda vermir. Am­ma anasının son arzusunu yerinə yetirir. İki sevə­ni bir yerdə dəfn etdirir.  Pərvinlə Xəyalın bir də onların illər boyu qəlblərində qoruduqları təmiz və saf məhəbbətləri  dənizin mavi  sularına qərq olur. Onlar birgə əl-ələ verib o biri dünyanı seçir­lər. Yaxşı  ki, o dünyada bu dünyamız kimi haq­sız­lıq hökm sürmür. Allah hər şeyi görən və bi­lən­dir. Bağışlayan və mehribandır. Cəmiyyətin qə­bul edə bilmədiyi “çirkab”ı dənizin təmiz su­la­rı yuyur və öz qoynunda bu iki sevəni qovuş­du­rur.

Fazil Sənan yaradıcılığı ədəbi mühitdə öz dəsti-xətti ilə seçilir. Əsərlərində insan talelərini tam çılpaqlığı ilə verməsi oxucunu  tərbiyələn­dir­mək­lə yanaşı  gözünü açmağa çalışır. Bax, budur onun qələminin böyüklüyü.

“Bağışlanmış günah” romanında da yazıçı bir neçə obrazın keçdiyi həyat yolunu paralel ve­rə­rək oxucunu islah etməyə çalışır. Məsələn, Xə­di­cənin Xəyala olan sevgisi onu ruhlandıraraq  elm sahəsində uğurlara gətirib çıxarır. Erməni qı­zı­nın Xəyala olan duyğuları onun içində olan in­sa­ni keyfiyyətlərin üzə çıxmasına kömək edir. Bir insan həyatı zülmdən xilas olur. Nadya xa­la­nın Xəyala qarşı olan oğul sevgisi bir köçkün ailə­sinə isti yuva bəxş edir. Demək, bu nümu­nə­lər­dən  görürük ki, hər şey sevginin təcəssü­mü­dür.

Fazil Sənanın bu romanını oxuyub qurta­ran­dan sonra istər-istəməz içimdən belə bir hiss keç­di. Kaş bütün günahları “Bağışlanmış günah” ro­ma­nındakı kimi bağışlaya biləydik. Onda dün­ya necə də gözəl olardı.

 

 

14.02.2025