Sədaqət Kərimova:- HƏSRƏTLƏ GÖZLƏDİYİMİZ SÜLH
Dünəndən məni qəribə bir xoşbəxtlik duyğusu bürüyüb. ABŞ-da Azərbaycan və Ermənistan prezidentləri arasında imzalanan sülh müqaviləsi uzun illərin ağrı-acısını, şəhid olmuş igidlərin unudulmaz xatirəsini, minlərlə insan taleyini, axıdılmış göz yaşlarını, yarımçıq qalmış ümidləri daşıyan tarixi yaddaşdır. Bəlkə də bu an, yüz illərin yaddaşında bir damla kimi görünəcək, amma o damla bəşəriyyətin ən böyük arzularından birinin – sülhün təcəssümüdür.
Müharibə insan əlinin yaratdığı ən böyük faciədirsə, sülh onun düzəldə bildiyi ən böyük möcüzədir. Sülh, yalnız bir sənəd və ya diplomatik razılaşma deyil – o, torpağa səpilən nifrət toxumlarının yerinə ümid çiçəklərinin əkilməsidir. O, dağıntıların yerində ucalan məktəblərin, körpülərin, evlərin; ağlayan anaların yerində gülən üzlərin; silah səslərinin yerində uşaqların şən gülüşlərinin eşidilməsidir.
Kaş ki, bütün müharibələr belə masalarda bitsin – qılınclar qələmlərə, nifrət məhəbbətə, sərhədlər isə dostluq yollarına çevrilsin. Çünki insan dərd çəkmək üçün deyil, yaratmaq, sevmək və xoşbəxt yaşamaq üçün yaradılıb. Sülh – gələcək nəsillərə bağışlanmış həyat haqqı, ən böyük ədalət və ən dəyərli mirasdır. Onu qorumaq isə hər birimizin vicdan borcudur.