Şakir Xanhüseyndən RUH  OXŞAYAN  ŞEİRLƏR

Ədəbiyyat 11:56 / 14.08.2025 Baxış sayı: 5733

DƏRLƏYİB BİR YERƏ YIĞDIM, SADƏCƏ..!

1

****

Zənn edirsən könlün tox, ruhun da ki şən,

Kefin ala buludda, nəşən yerində...

Birdən suya dönürsən, bu dünyanın sən

Adamları şaxta, buz kəsən yerində...

Saat kəfkiri kimi bir səmtə, ancaq

Elə bil ki, min yana gedib-gəlirsən...

Yüz söz söylədiyintək, bir söz susaraq

Qəlbindəki dalğaya sinə gərirsən...

Sağa atdığın addım sola da düşür,

Gəl, nə sağda, nə solda bir izin qalır...

İki qəlb bir araya gəlir, görüşür,

Ortada min hicranlıq bir hüzn qalır...

Aldığın hər nədirsə, verdiyin də o,

Bir damcıya susayan çaylara bax da...

Hamının yaddaşında xatirələr- od;

Kimə diqqət yetirsən, üşüyür amma!..

2

****

Hər gün bir paylaşım, yazdım yaddaşa,

Zülmətləri işıq yazdım yaddaşa...

Bəy ilə gədanı bir tutmadım ki--

Qoymadım yanaşı, yazdım yaddaşa...

Ağ varaq üstündə çox getdim, gəldim,

Xəttim də qara şum, yazdım yaddaşa...

Ətirli çiçəklər bəslədim bol-bol--

Ən sevdiyim işim, yazdım yaddaşa...

Düşmədi dilimdən bir söz də yerə,

Doğrunu, yanlışı yazdım yaddaşa...

Dünən olanları bu gün nağıltək

Susum, ya danışım?- yazdım yaddaşa...

Bir əldəki daşdan qan damcılayır,

Divardakı daşı yazdım yaddaşa!..

3

***

Dan yerinin salamına əlim uzalı,

Könlüm meyil salmış haqqa, sağ-sol ki bilmir;

Ariflərin kəlamına daim yol alıb

Su misalı hey axmada, get-qal ki bilmir..

Məna gülü bəsləyənlər əhli-imandır,

Niyyətləri, əlbəttə, xoş, fikirləri nur...

Hey işığın ardınca qoş, gözəl amaldır,

Bəlkə tale düz yazanlar yanlış oxunur?

Naqislər ki çoxdan düşüb nəfsinə yenik,

Naxələfin keçməyəsən yanından da heç;

Ocağı da, çırağı da qəlbitək sönük,

Bircə damcı yerə düşməz qanından da heç...

Bəzən günəş şüaları qonur çiynimə

Bir əl kimi,

gün olur ki, bax zülməti gör...

Köynək tikdim- iynə-sapsız- geydim əynimə,

Dedim: qafil, bir ayıl da, həqiqəti gör!..

30.05.2021

4

****

Gözlərini dörd açıb da baxma nahaq,

Barmaqları arasından baxır çoxu...

Yollar sanki bol sulu bir çay olacaq;

Bir loxmanın arxasınca axır çoxu...

Gülüşlərin nəğməndəki hıçqırıqlar,

Yerişindi yerindəcə durub qalmaq...

Əzabların əbədidir; ədəbin var;

Çətindir ey bulaq suyu...duru qalmaq...

Çox söylədin sən azına, arada bir

Kimə isə yanlışını anladasan...

Yol getməyə həvəslisən bunca, şair,

Öncə gərək öz yolunu yaradasan.

***

...varağı torpaq qazıb

üzə çıxarmaq istəyirəm,

məsələn, bir ümid,

ya da

əlləri qoynunda bir xeyirxahlıq,

sonra bir yaxşılıq ki, işıq...

təmizlik deyilən bir... nəsnə, hər nə isə,

əldə etmək istədiklərimin

ön cərgəsində

və bir üzün gülüşü ki,

sanki yerin altını da aydınladan...

...qazıram, qazıram,

fəqət ürəyimdən keçənlər

yenə dərinliklərdə,

görünür, elə hey varaq qazmalıyam;

hə, yazmalıyam!

***

ürəyin çoxmu səndən aralıda döyünür;

bəlkə əlində-ovcundadı,

lap burnunun ucundadı bəlkə...

mən bilirəm,

əlində həm də baxan, görən gözün var,

yeriyən ayağın var əlində,

əlinin içindən gələn sözün var...

hələ çiynini dilə gətirmirəm;

üstündə baş saxlayır!

ayağını torpağın üstünə qoysan da,

bilirəm, başından yuxarı tutursan onu-

torpağını,

çörəyini də;

başından yuxarı tutduqlarını

ayaqlamazsan heç vaxt;

ayağının altında qalsa belə,

tapdayıb keçməzsən, hə...

***

Yazırsan, yazırsan qalırsan boşda,

sanma üzünə boş baxan olar ha...

Bilmirəm insanlar niyə uzaqdı

haqqa, həqiqətə yaxın olana...

Bəzən ürəyini qüssələr sarır:

"pətəyim özümdə, balı bəs kimdə,

Min bir əzab ilə saldığım bağın

qabarı ovcumda, barı bəs kimdə..."

Birinin əlində külüng, bel görüb

təşvişə düşürsən: -Allah, et xeyir...

Havası gələndə gözlərin gülür,

amma ki, yaranır qəmli bir şeir;

Söz var nur ələyən qaranlıq kimi,

Söz var zülmət yayan bir işıq kimi!

***

Öz yaratdığını necə sevməzsən,

nəzərindən uzaq saxlarsan, niyə...

Kim isə ümidlə qapılar açar,

digəri qapılar ümidsizliyə...

Nəyisə yaradıb sonra xor görmək--

baxmaq arxasından yadlarsayağı?

Niyə sevməyəsən yaratdığını,

bacar gözün üstə onu tutmağı...

Yonub-yontalayıb bir taxta qaşıq

ortaya qoydunmu, şah əsərindi...

Bir daş qırığını cilalayırsan,

ta daşlıqdan çıxır, o ki dürründü...

Sən yaratdığına, Allahım, göz ol,

Ayaq altından al, sev və əziz ol!

DÜNYA

Bir qarış yerdi

yarıdan çoxu xarabalıq

yarıdan çoxu yenə xarabalıq

təklik tənhalıq

yarıdan çoxunda su

su basmış yerlər yanır

buz altında-

buz qatında

od içindən sular fışqırır

sular çağırır bağırır qışqırır

bir yarısı quraqlıq ağlayır

uzaq illərdə bir uşaqlıq ağlayır

bir qarış yerdir

yarısında gülüş əkiblər

yarısında kədər

adamlar

üzünə zəli kimi yapışıblar...

bir qarışdı bir qarış yerdir

soruşma heç nə qədəri ayaq

nə qədəri baş yerdi

***

heç vaxt heç vaxt

inandıqlarına inanma

heç vaxt heç vaxt

yandıqlarına yanma

sevdiklərini sevmə əsla

bəzi murdarlıqlar qüsul verməklə

təmizlənməz insandan

amma

sən yenə sevdiklərini sev

yandıqlarına yan

inandıqlarına da inan

***

Niyə yanğınlar üşüdür səni,

sərin bir nəfəslə isinənsən, eyy,

sözünü bütöv de, daşlar eşidir səni....

ayaqlamı sürmə çəkmək yolların gözünə...

Rəngin solub, ruhun üstündə deyil,

elə bil bir vəhşi düşüb izinə...

xəbərdarsan xəbərlərdən-

xəbərlərsizsən?

...Ah, xəlbirsizsən,

divlərə su daşıya bilməyəcəksən...

***

...istəmirəm

zülmətin birdən yox olmağını,

nədən ki, get-gedə aydınlanmağı,

işığa dönməyi gözəl...

bax, ovcumu doldurub qaranlıqla

gecələrin üzünü çox yudum

ağarıncaya qədər...

ƏN QAFİYƏLİ

Torpaq axır ayaqlarımın altından,

insan selinə düşdüm qəfil, sular durğun.

Dağları mumdan düzəldib bir əl,

Kələ-kötür, biçimsiz- təbiilik bu-

Sərt qayalar qəlyan tüstülədir arada.

Gün işığının düşdüyü yerlər zil qaranlıq,

uzanıb dincəlirəm, yorğunluğum yerində.

Qarabasmalar get-gedə yoğunlaşır,

İmicini dəyişir gözü uzaqlarda bir göz,

Bir söz baş götürüb qaçır, zəncirdədi.

Arama-darama işləriylə uğraşıram,

Barmağım tətikdə, atəş əmri verilmir.

Köhnə dəyirmançı üyündüyündən xəbərsiz,

Göz yaşlarıyla xamır yoğurur bir ana.

Ümidlərini, arzularını soyunub

Çırılçılpaqdı əynindəki qat-qat paltarıyla.

Təndiri yanmır, kündələr düşmək üzrə,

Gizlətsə də həyəcanını, xeyli tədirgin.

Uzunömürlü vədlərin girdabı, yolsuzluq,

Saatı iflic vurub, işləmir düz-əməlli.

Çəyirdəklər sınır içi boş,

Qısqıvraq yaxalandım ümidsizliyə.

Kilo verməyə başlasaydı qarınlı evlər,

Barmağını sorur beşikdəki bir qığıltı.

Bütün qapılar divarlara mismarlanıb,

Kimsə atını çapır dördnala çidarlı-çidarlı.

Əlləri qoynunda, taxma dırnaqlarını

Gəmirir, bir qadın əsəbdən əsir.

möhtəşəm bir qəsrdi dağılan yuvası,

Ömrünü yarıda qoyub

getmək istəyir harasa- heç hara...

ELƏCƏ HEÇ NƏ

Niyə əlçatmazdı əl çatan hər şey;

əl uzatmır sağ əlin sol əlinə...

Heç bilirsən necə baxır

yox əlin var əlinə...

Gözünün önündən keçənlər uzaq,

Ovcunun içində gerçəklər uzaq...

Ayağın yollardan əl götürməyir,

yol tikan üstündə, tikan döşəli...

Düşün, özünmüsən özünə bais,

yollarmı yoluna tikan döşəyir...

Birində boy uzun, ağılsa gödək;

necə də eləyir əliuzunluq...

Hərdən sözlərinə ara verirsən;

etmək istəmirsən dili uzunluq...

Nəsə var əllərin yetməyən yerdə,

Bəlkə də heç nədi, eləcə heç nə...

BİR SANİYƏLİK şeir

Nəfəsimdə güclü küləklər əsir,

şıdırğı bir leysan yağıram hərdən...

əllərim göydən üzülü, ayaqlarım yerdən...

üzülmür əlim göydən

möhkəm basmışam həm də

ayaqlarımı yerə...

susuzluğum axıb gedir

çaylar, arxlar boyunca,

aclığım dalğalanır buğda zəmilərində. yelkənlərim açılı düşmən gəmilərində...

zülmət çökür üstümə, işıqdan gözüm qamaşır,

elə möhkəm buz tutub ki, səbrim, qaynayıb-daşır...

KİMDİ AYAQ ÜSTDƏ

Səsində səssizlik qulaq batıran,

zülmətdən- işığın, qaradan- ağın...

Üzmü ağardırsan çətin günündə;

nədir bir işığı qaralamağın?

Bilirəm, dincini işdə alırsan;

Elə dincəlirsən bəzən yorulub...

Soyuq bir nəfəslə buzun açılır,

Buza dönürsən e hərdən od olub...

İrəli gedəndən çox gerilədin,

Bax, yuxu tökülür oyaq üzündən...

Gərək göz qoyasan və görəsən ki,

Kim var ayaq üstdə

ayaq üstündə...

DAN YERİNİN İŞIĞI

Sanasan əncərədən

işaran

evimin böyründə saralmış heyvaların işığıdır,

qırmızı narın işığıdır,

bir körpə yuxusunun,

bir ümidin, arzunun,

keçib getməkdə- bitməkdə olan qaranlığın,

hardasa bir ocağın,

ya da yoldan ötən bir üzün,

çox uzaqda

ağızdan çıxan ilk sözün işığıdır,

səsindən düşür quşların;

hamıya yetəcək qədər

bu işıq, bilsən əgər!.

CƏHRƏDƏ İY KİMİ DÜZƏLT ÖZÜNÜ

salama uzanan əlin düz olsun,

düz əlini uzat bir süfrəyə də...

cəhrədə iy kimi düzəlt əlini,

bir yerdə qoy çörək kəsən olmaya,

əlin birisiylə düz çörək kəsə...

əyrilik yolunu hey tutacaqsan,

əgər ki, əlini sən düzəltməsən...

əlini sındır və onu düz düzəlt,

gözünü yaxşı aç, düz əlinə bax...

nə qədər əyrisən, nə qədər düzsən,

yoxla bir işini, əməlinə bax...

cəhrədə iy kimi düzəlt əlini,

bir tük qədəriycə əyildisə, heç;

boynunu əy, ancaq əlini əymə...

əyrisini ver də balta ağzına,

düz olan əlinə, sən allah, dəymə...

çəp gözlə irəli baxsan, nə olar,

hərgah hiss eləsən əyriliyin var,

qardaş, çətinsə də, əlini dəyiş;

irəli bir əyri addım atmağa

bir şübhən var isə, əlini dəyiş...

cəhrədə iy kimi düzəlt əlini,

düz əyirib düz də sarımaq üçün,

düzlüyü qoruyub-qollamaq üçün...

qoru ağacın da sən ən düzünü,

cəhrədə iy kimi düzəlt özünü!..

KÜLÜNG

Külüng... elə yatdı dilimə bu söz,

dedim ki, özü də yatsın əlimə...

Yanımda nə dağ var, nə də ki, qaya,

külüng nə üçündü, öyrədim kimə...

Bəzən xatirimdən keçir Bisutun,

Fərhadın dərd çapmaq peşəsi vardı;

Qəlbində Şirinin qara sevdası,

əlində külüngü- tişəsi vardı...

Düz işim külüngün əyri ucunda,

yol açmaq gərəkmiş daşlıq yerlərdən...

Sirr deyil külüng də arzulamışam

daşlara dəyəndə ümidim hərdən...

Bilmirəm, bir sərt üz qarşıma çıxsa,

külüngüm nə qədər

dərinə işlər...

Olur ki, bir qəmi söküb atmağa

ürəyim çox vədə

tişə də istər...

***

qorxmuram

ayaqdan düşəm,

ya da ki, candan olam;

yol gedirəm,

enirəm, qalxıram pillələri,

hərəkət: irəli, geri,

yuxarı, aşağı,

gah qaçıram ocaq üstə,

gah yandırıram işığı;

bütün bunların hamısı ona görədi ki,

İlahi, bax ha,

bu dünyada

ayağımı qoymağa bir yer tapam,

eləcə əlimlə

yapışmağa da...

***

Şeir də

bir işə çevrilməli, hə-

bir duyğu, ürək işinə,

lap belə torpağı əkib-becərmək,

bir dən cücərtmək işinə...

Kimi haylayıb-çağırsaq,

çağırışlar işə dönməli-

dualar, alqışlar işə dönməli,

iş gözə görünməli...

Söz- bir iş,

səs- bir iş,

gözümüzü yummağımız,

açmağımız bir iş...

burdan götürüb

ora qoymağa bir daş olmalı,

dincələndə də

istirahətimizin ən gözəl yanı

bir iş olmalı...

SONET

Şans gülsə üzünə, nə üzülmək ta;

heç gülməyən üzün bir anda gülər...

Ayağın bir yolu başa vuranda,

əllərin hər qapı açanda gülər...

Uğur səninləsə, bat dağ qarına,

bax, körpü üstündən su keçirərsən.

Qəlbində qurumuş duyğularına

göyərsinlər deyə od içirərsən...

Fürsəti ürkütmə heç vaxt özündən,

bir zəmi sevinci var bir dəndə də...

İdrak qapısını açıq saxla sən

ağlına bir fikir gəlməyəndə də...

Qəmindən telinə ağ çiçəklər tax,

Həyat bir oyundu, olma oyuncaq...

***

Gözümü ağrıdan gördüklərim var

əlimi acıdan görüşlər kimi...

Uğruna canımı verdiklərim var

yerə daş çırparlar alıb qəlbimi...

Səsini eşitmək çox istəyirəm

budaqda yellənən tənha yarpağın...

Bəzən ağrısını hiss eləyirəm

ayağım altında qalan torpağın...

Axan bir ulduzun səsi yoxmu ya,

bəs üstümə qonan bir tozun səsi?

Dayan, qulağıma gəlir hardansa

kədərlə yoğrulan bir sözün səsi...

KÖLGƏN İŞIQ KİMİ

Kədər boyadırmı üzdən siləsən,

Damardan çəkəsən- ağrı qan deyil...

Sözü yastı-yastı elə deyirlər,

guya ki, heç nədi, ağrıdan deyil...

Göz yaşı axsa da, çay sularıtək

qurumaz istidə, donmaz soyuqda;

Çox da

iki gözüm iki çeşmə deyən var...

Gülüşü

özgə əldən alıb dodaqlarına,

gözünün qıyına, yanaqlarına

qondura bilməzsən,

Süni sevinclə

sevinə bilməzsən, gülə bilməzsən...

Kölgən işıq kimi dolsa evinə,

qapın bağlısa da,

xoşbəxtlik yol tapıb sızsa içəri,

bəli,

Yenə də

qəlbinin bir tərəfində

bir üzüntü elə, düşün, qalacaq...

torpağı sovrulsa getdiyin yolun,

unutma, çınqılı, daşı qalacaq...

ƏSLİNDƏ

səhərin açılmağını heç gözləmirdim,

qəfildən açıldı.

gözünüz aydın, səhəri gözləyənlər,

özləyənlər.

quş səsinə oyananlar, sevinin, gülün.

hər səhərin açılmağı bir sirr kimidi,

elə uymuşuq ki, qaranlığın hökmünə

fikir başımızı dartır ardıyca: mən hara,

sən də ora.

işsizlik əllərimin qubarı,

aritmik ürək döyüntüləri, qanı çəkilmiş

üz.

vaxtı saatla yaşadığımdan yorğunam.

qırılmış düyməni tikməyə bənzər ümid,

iynə gözündən keçənləri gör, igid,

sazaq iliklərə işlər, nə olacaq bu işlər.

hamı tələsir: ləngdi hamı, bir anlıq ömür

əlli il, doxsan, yüz il çəkir. pöhrələr

doğranır kötüklər üstə, heyif, təzə-tər.

alıb-verdiyim nəfəs söz olduğundan

deyirəm bütün bunları, əslində,

demək istəmədiklərimdi, eh, mən də...

GECƏQUŞU

gündüzlər neynirsən, a gecəquşu,

işıqla necəsən, bilmək istərdim...

işığa, zülmətə bəyan edirsən

sözünü necə sən, bilmək istərdim;

qanad çırpa-çırpa, gözdən itərək

uçursan, uçmağın sözündü, axı...

nə sayaq ölçürsən gödək boyunla,

dünyanın işləri uzundu, axı...

fikirdən ölənlər çoxdu, bilirsən,

necədi bir gecəquşu ölümü...

işıq daldasında gizlənirsən, ya

zülmətə səpirsən yanıb külünü?

varmı dinlədiyin bir səs, bir avaz,

əzabın yoxdumu daş yarığında?

işıqdan ötədi, nə deyim, axı,

səninçün dəyəri qaranlığın ha...

***

içindəki işığı gör,

çölündəki zülməti...

sevindin, oynadın, güldün,

yenə üzün gülmədi...

nə açıqdı, nə yumulu,

gözün gözlükdən çıxıb...

özün evdən çıxansayaq

canından da can çıxır...

başını yastığa qoyub

götürməyin çətindi...

qəhqəh çəkib güləni də

güldürməyin çətindi...

odunda dondun, soyudun,

buz-buz, qar-qar əridin...

sözlərin daim təzədi;

köhnə- qədimdən qədim!

***

hə, ayaqqabını yerə sağlam bas,

paltarına bürün,

kölgənlə sürün...

düşün papağını başına qoyanda;

papağını düşün boş qalmasın, ya...

əlcəklərin bərk üşüyür?

əllərini geyindirsənə,

bilmirəm, gözün düşürmü gözlüyünə...

belin kəmərini sıxır,

nazildib kəmərini...

onsuz da xeyrimizə işləmir vaxt, zaman,

aç qolunu saatından...

DİYİRLƏNİR...

...Bax ha,

dördtəkər

nə sürətlə diyirlənir qabağa...

qarşıdakı yoxuş gözümə durub, ey ürək,

birtəhər diyirlənə-diyirlənə qalxam gərək...

Görürəm kimsə

kiminsə yanına getmir e, ona sarı

diyirlənir...

olur, bir hakim bilə-bilə ki,

qanunsuzluq edir,

yenə adının əvvəlinə

imzasını diyirlədir...

hər şey diyirlənir;

dağdan daş diyirlənir,

bəzən görürsən çiyindən qopub

ayaqlar altına bir

baş diyirlənir...

yer fırlanmır, diyirlənir,

buludlar göyü dolanmır, diyirlənir sanki...

bircə demə ki,

göz ala bildiyincə

uzanıb gedən bu yol, küçə

necə uzununa

diyirlənir, axı...

bir də diqqət yetir

biri heç danışmır elə bil,

sözü sanırsan sadəcə ağzından

çölə diyirləndirir...

HƏNİRİNDƏ BÖYÜDÜYÜMÜZ SÖZLƏR

dəstərxan sözündə, tabaq sözündə

çörək qoxusu var, bilənlər bilir,

ana əllərinin qoxusu gəlir

qazovuc sözündən, ələk sözündən...

cəhrəmiz işləyib, tağalaq çıxıb,

dükcəmiz dolaşıb, yenə xoş olub;

Bu doğma sözlərlə

elə iç-içə

nə gündüz bilmişik, nə də ki, gecə; ruhumuzda işıq, ağzımızda dad,

havalara girib qəlbimiz necə...

onları kı

dərib yığmışıq sanki

alma ağacından, alça kolundan,

qoymamışıq yerə düşə

biri də...

sehrinə büründük doğmaca dilin,

ətrinə bələndik bu kəlmələrin;

bir söz odumuzdu,

bir söz suyumuz,

min illər ötədən

gələn soyumuz!..

MƏNƏ GƏL, MƏNƏ

Mənə gəl, mənə, a qaya,

a yaylaq, mənə gəl, mənə.

Bir qətrən də yerə düşməz,

a bulaq, mənə gəl, mənə...

Mənə gəl, mənə, ay ocaq,

külqarışıq, közqarışıq...

Qol dolayım boynuna qoy,

mənə gəl, mənə, ay İşıq...

Bu güllərin biri anam,

palıdların biri atam...

Sən də mənə amanatsan,

mən də sənə amanatam,

a torpaq, mənə gəl, mənə...

Qucağımın bir küncünə

yerləşərsən, a dünya, bax...

Daran görüm, salxım söyüd,

gözlərim aynadı, ha bax...

Bir dağmı, bir dağmı qəlbi,

hansı dağ yandırar qəlbi...

Qovaq candan dərdi, qəmi,

a qovaq, mənə gəl, mənə...

Sənsən təsəllim, ümidim,

nə xeyirsə, haqdan bildim...

Ah igidim, şah igidim,

ay uşaq, mənə gəl, mənə...

DAŞQALAQ

Daşqalaq eləsəm bu kədəri mən,

üzümə bir sevinc qonarmı, görən...

Mənə oxşayırmı bu dərd, bilmirəm,

bu dərdin gözləri qonurmu, görən...

Bu dərdi dəyişik

salmaq istəmirəm başqa dərd ilə,

Mənimdi, qoy elə mənimki olsun...

neçə illərin dərdidi,

Mənimlə yol yoldaşı,

ay yoldaşı, il yoldaşı,

Qoy elə həminki-həminki olsun,

qoy sənin də dərdin səninki olsun...

Daşqalaq eləsəm bu kədəri mən,

əgər yamanlasam

bir nəfəri mən,

dediyi sözləri mən yalanlasam,

üstümə qoşun gəlməzmi,

kimsə

hər bir tərəfimə divar hörməzmi...

Məni salmazlarmı hasar içinə,

məni almazlarmı mühasirəyə...

Sevib-sayarlarmı bir kölgə kimi,

məni udmazlarmı bir tikə kimi,

Bir yavan tikəyəm amma, axı, mən...

1.İŞIQ

(Sonet)

səni görən kimi yanan İşıq var,

deyər ki, get yolun işıqlı olsun.

yolunda yanmaqçın daim işıqlar

qoy o İşıq əli çıraqlı olsun...

səninçün yandırsın ocaq o İşıq,

o nur- o işığın duası haqdı...

üzündə-gözündə ancaq o İşıq,

lap zülmətində də o, haqq işıqdı...

İşıq, nə gözəldi işıq yandıra,

qaranlıq olmaya, işıq saça o;

bir yol getməyinə sağa, ya sola,

əlini uzadıb qapı aça o;

söyləyə: atanam, ananam sənin;

həmişə halına yanaram sənin!

2.PAYLAŞ BİR XATİRƏNİ...

paylaş bir xatirəni, mən də o xatirədə,

mən də o xatirədə varam, əzizim, varam.

kimsə çox-çox uzaqdan bir salam yetirə də,

bir salam yetirə də bəlkə sağala yaram...

gözlərini yumub aç, görmək də bir işdi ha,

görmək də bir işdi ha hər kəsi öz işiylə...

nə qabdı, nə qabda su, qoyma səbrim daşdı ha,

qoyma səbrim daşdı ha, neynim səbir daşıyla...

ikimizin arası gözlə qaş arasıdı,

gözlə qaş arasıdı- əl çatar da, çatmaz da...

bu dünya-sığınacaq iki daş arasıdı,

iki daş arasıdı bunu daha anla ha...

sənə əl yetirərəm, əlimi kəsmərəm heç,

əlimi kəsmərəm heç yaxşıdan, yaxşılıqdan...

yerdən, göydən və səndən əlimi üzmərəm heç,

əlimi üzmərəm heç mən ilahi işıqdan!

3. TAĞ ELƏMƏK

adımı adına tağ eləyirsən

yaxşını yamana tağ eləyəntək,

doğrunu yalana tağ eləyəntək...

adımı adına tağ eləyirsən

tağ eləyən kimi ağı qaraya,

bütövü paraya tağ eləyəntək...

dərdimi dərdinə tağ eləsənə-

dərdimi dərdində yox eləsənə,

beş gündən birini ağ eləsənə;

bunu deməknən

bəlkə də mən bir az ağ eləyirəm...

işığı işığa tağ eləmək, tağ,

çırağı çırağa tağ eləmək, tağ

əlini əlinə daraqlayantək,

yaxşını yaxşıya tay eləmək, tay!

ƏSGƏR ADDIMLARININ SƏSİ

(Nəğmə)

Hey coşan hisslərin kükrəyişidi,

Sanasan səs edir qartal qanadı.

Yatan qulaq asır, oyaq eşidir,

Elə himnimin də canı, qanıdı

Əsgər addımlarının səsi...

Qopuzu səslənir Dədəm Qorqudun,

Döyüşçü ərlərin sinci çalınır.

Əl-ələ tutubdu dağ-daşı yurdun;

Elə bil hardasa cəngi çalınır,

Döyüşçü ərlərin sinci çalınır...

Qırışlar alnımın tale naxışı,

Demirəm qismətim təkcə qəm imiş;

İldırım çaxışlı, dərya axışlı

Muğamım, şikəstəm, diringəm imiş

Əsgər addımlarının səsi...

Qızılquş səmada cövlan eləyir,

Göydə də yerini biz bilənlərik...

Gözlərini yumub dinlə, dinlə bir;

Sanki sədalanır ərlik, ərənlik--

Əsgər addımlarının səsi!

FAİQ HÜSEYNBƏYLİYƏ

Güzgütək baxıram şeirlərinə,

üzümdə sayrışır bir sevinc hüzn...

Qalxıram yuxarı xeyli aşağı,

canım daşdan da bərk bir candı üzük...

Xəyal genişliyi çəkir darlığa,

olumlu işlərim niyə olumsuz...

Elə bir həyatı sev, arzula ki,

əvvəli dərd-qəmsiz, sonu ölümsüz...

Səsim zildən çıxır, amma səssizlik,

şəhərin ən ucqar ortasında mən...

Sözün bir orası, bir burası var,

orasında sənsən, burasında mən...

Uzundu ömrün bir anı da qısa,

kimlərsə əsilli-nəsilli soysuz;

Bilsən, yaxşılar da çoxdular tək-tək,

bir-iki ac qurdun sürüsü saysız...

YOLAYRICI

Bura yolayrıcı, durmuşuq naçar,

qovuşduran deyil, yol ayıranmış...

Görən, çoxmu belə yolayrıcılar,

sağ xiffət gətirən, sol ayıranmış...

Bir vaxt yollarımız birləşdirəndi,

onda ayıldıq ki, yolayrıcıdı...

Gör, gəlib yolumuz hara dirəndi;

balaca bir daş da yaman acıdır!

Keçər, üstümüzdən kədər adlayar,

yalanlar, yanlışlar yolayrıcıymış...

Odsuz ocaqlarmış ürək odlayan,

ümidlər, sevinclər bir yerəcənmiş...

Sevənlər dizini qucaqlayırsa,

hər yer onlar üçün yolayrıcıdı...

Məhəbbət hönkürüb eşq ağlayırsa,

gülüşlər keçəri, dərd qalıcıdı...

Niyə üşüyürük ocaq bir, od bir,

sönən közləri yığ indi ovcuna;

Əllər birləşməmiş, onu gördük biz

yolumuz birləşdi yolayrıcına!..

***

sükutu dilimləsən,

səslərə bölünəcək...

bax, dincəlib bir xeyli

əldən düşdün, ey ürək...

şən-şaqraq nəğmələri

dinləyirsən üzücü,

bir-birinə bu yadlar

bir ailə üzvüdü...

bir evə gəlib

bir evdən də gedirik,

şupşumal əllər qabar.

gül gülü çağıran

bir məkandı səhralıq,

sabahlara

heç bir ümid yoxdu var...

sular ağ köpük-köpük,

çaylar dərindi dayaz.

yayın bir qış günüdü,

vay, nə istidi ayaz...

***

çox-çox yaxınsan uzaq,

hər daşın üstə səkmə.

məndən daha əl çək də,

amma əlini çəkmə...

getdin, hələ burdasan,

uzaqda yanındayam.

doğmaca yuvasında

azmı yuvasız adam...

sağınla yeri sol, sol,

and iç, çox susuzsan e...

bir az çılğın sakit ol,

heç nə demə bir söz de...

o dağ bulud bir əlçim,

yağış yağır quraqlıq...

canında xəstəliyə

aparan bir yol sağlıq...

KÖLGƏ ADAMLAR

Kölgə adamların adı üstündə,

eləcə yaşarlar xəyalət kimi...

Daim bir qılıfda-- cilddə görünməz,

nə su kimidilər, nə də od kimi...

Deyərsən onların beyinləri yox,

işləyir əlləri, qolları ancaq;

Özlərindən çox-çox uzaq işlərə

astaca, ustaca uzadar barmaq...

Hər sözü söylərlər danışmayaraq,

borcu olmayana borc ödədərlər...

Su üzünə qalxmaz bir saman belə,

saman altdan necə su yeridərlər...

Kölgələri düşməz- kölgəsizdilər,

gözlərini aça bəlkə adamlar;

İşığı dünyaya haram eləyib

bu kölgə adamlar, kölgə adamlar!..

AYAQLANMAQ

Yollar, cığırlar da bir ayaqlansın,

dağları, daşları ayaqlandıraq...

Ayağa verməyək, ancaq ucaldıb

düşünən başları ayaqlandıraq...

Əlimiz bir işə ayaqlana da,

dilimiz doğruya ayaqlanmalı.

Qəlbimiz hər zaman işıqlı, nurlu

bir hissə, duyğuya ayaqlanmalı...

Əgər gözəlliyə bir rəng qatırsa,

gərəkdir

otun, alağın da ayaqlanmağı...

Külüylə, közüylə gözəldən gözəl

elə ocağın da ayaqlanmağı...

Gözümüz alır ha tək bir ağacı,

ayaqlanıb gedə bir ormanlığıa...

Yaxşılıq bir elə ayaqlana ki,

nə pisə yer qala, nə yamanlığa...

Hər vaxt cəsarətə qol-qanad verib

ağılı, hünəri ayaqlandıraq...

Od üstdən yeridək, addımladaq da,

biz daha

nələri, nələri ayaqlandıraq;

Nə ki ayaq bağı vardırsa, qıraq,

həmişə xeyiri ayaqlandıraq,

daim mərhəməti, xeyirxahlığı,

tapıb ayaq yeri, ayaqlandıraq!..

KÖHNƏ KİŞİLƏR

Gur-gur guruldayan kişilər vardı,

atları ən qıvraq atlar idilər.

Sanki yerin-göyün dayaqlarıydı;

bir ərən idilər,

Atlant idilər...

Əlləri danışıb əl görüşəndə,

yollar səslənibdi ayaqlarında...

Hə, ağır oturub batman gəliblər,

əsillik işığı üzdə, alında...

Ötkəm, ağayana duruşlarıyla

hələ yaddaşlarda yaşayır onlar,

Elə bil bir elin qayğı yükünü

yenə də

çiynində daşıyır onlar...

Təbiətlərində bir astagəllik;

elə dağları da biz belə gördük...

Ocaq yandıranlar, od qoruyanlar,

qollar dəmir kimi, sinələr körük;

Dizə gəlmədilər, əyilmədilər,

şəri şər bildilər, xeyiri xeyir;

Hərdən düşünürəm, eldə-obada

bu gün də onların sözü yeriyir!..

OXLOVLU şeir

Sanki oxlov udub biri önümdə,

boyun qalstuklu,

ayaq tak-tuklu;

əslində, o mənlə üz-üzə deyil...

Özünü çox dartır, qırıla bilər,

yoxsa bu halına yaxşımı deyim?

Qəşəngmi görünür nazlı, ədalı?

bəlkə də belədi, sevəni də var...

Yüz oxlov lazımdır, onu bir yaya;

açın gözünüzü, oxlov udanlar,

açın neçə-neçə

acın gözünü...

ATA OCAĞINA BİR ELEGİYA

Evimiz gözləyir məni uzaqda,

gözləyir həyəti-bacası ilə...

Gedib dayanımmı qapı ağzında,

girməyim, keçməyim içəriyə heç,

Eləcə

bir nəfəs alım qayıdım,

azcana

durulsun qanım, qayıdım...

Evimiz gözləyir məni uzaqda,

mən, axı,

əsla unutmadım bu yaxınlığı...

Qoy qəzəbi olsun doğma səslərin,

lap əsəbi olsun,

Kimsə üz turşutsun,

töksün qaşqabaq,

onda bir doğmalıq

görüm mən ancaq...

Evimiz gözləyir məni uzaqda,

Hüznlə səslənir

nəğməm, bayatım,

Hə, gedim,

bəs kimi yatdığı yerdən oyadım?

kimə deyə billəm, dur, daha bəsdir,

Allah yaratmayıb

insanı həmişə yatmağa, bəsdir;

Qalx, atam, bir soruş halımı mənim,

yanmışam,

yığ, topla bir yerə külümü mənim...

Evimiz gözləyir məni uzaqda;

eh, canı yananlıq elə bu imiş,

Yaddan çıxmamaqlıq elə bu imiş,

Özünü

bir də gedib görrəm ümidi ilə

yerə yıxmamaqlıq elə bu imiş...

Evimiz gözləyir, mən gözləyirəm,

Dönüb bir ac quşa

dən gözləyirəm...

***

O elə bağbandı ki,

hər bağa girəndə

ağaclar onu

ayaq üstə

qarşılayır həmişə!...