Şakir Xanhüseyn : - otağına düşən bir zolaq işıq
otağına düşən bir zolaq işıqdan
çölə çıxmağın yolunu öyrən
və örtülən qapıdan
necə içəri keçmənin yolunu...
əvvəlcə bir işıq olmağın gərək;
ancaq işıq olub
zülmətin üstünə çökə bilərsən,
qarşısında duklənə,
gözünə gözünü dikə bilərsən...
qulağına gələn səsin də yolunu öyrən,
o səsin yolunu ələ alıb,
hardan desən,
ordan ötüb keçərsən onda
bir anda...
səs qədər iti, səs qədər kəskin olmalı,
bununçün itilənməli bir səs,
kəskinləşməli,
bəli...
indi önündə
bir səslə işıq olmanın yolayrıcı var,
həm ağrı, həm acı var...
ya bir işıq olub
bütün əngəlləri aş,
ya səsə dönüb
hər cür maneəni;
di görüm səni,
güvəncim, öyüncüm qardaş!..