Şakir Xanhüseyn : -BİR ANLASAYDIM...

qoy bir qulaq asım hələ, görüm ayağın
nə deyir yola,
nə deyir əllərin bir işin qulpundan
yapışan zaman...
həmişə marağındayam susub üzümə
baxanda
bir-birini sıxan barmaqlarının səsini eşidib
sözünü dinləyim...
kürəyin
söykəndiyin divara nələr söyləyir?
hansı uzaqlıqdan gəlir yollar yorğunutək
çırpınan təngnəfəs ürək;
bu vaxt harasa
baş götürüb qaçır elə bil köksündən,
ən dərin dəryalarda yelkən açır elə bil...
bir anlasaydım gözlərin gözlərimə
dikiləndə nə demək istəyirlər
və bir söz deyəndə
nə demək istəyirəm
özüm bir bilsəydim, bilsəydim əgər...