Şakir Xanhüseyindən İKİ ŞEİR

Ədəbiyyat 11:20 / 15.04.2025 Baxış sayı: 916

DOVĞA BULLAYAN QADIN...

Dovğa bullaya-bullaya

başını yelləyən qadın,

kimlərsə hey su bulandırır;

qoy elə natəmizlər

duruluqdan, paklıqdan uzağa qaçsın...

Dovğa bullayan qadın,

çömçəni qazanın dibinə endurmək gözəl iş;

ömründə

nə ara qarışdırdın,

nə halalına haram qatdın...

Dovğa bullayan qadın,

əslində,

hər olan-bitənin

bir olub-bitməzliyi...

dovğanı bulla

qoy çürüməsin,

südünü çürüdən çoxdu onsuz da...

15.04.2016

LAÇIN YOLU...

Laçın yolu, yolsuzlara vermə yol,

İnanma dost qılığında düşmənə...

Su zəqquma dönə, çörək zəhərə

Həm uzaqda, həm yaxında düşmənə...

Yağışdan çıxıb yağmura düşdün ha,

Sanki qanlı bir nizəyə keçdin ha,

Səhərləri ah-vay ilə açdın ha,

Gün doğmasın torpağında düşmənə...

Laçın yolu, göz duya, ürək görə:

Atlaz meşə, xalı çəmən, göy dərə...

Sağ--solunda ancaq tikan göyərə,

Zülmət eylə işığı da düşmənə!..

Əlim çata, boynuna qol salaram,

Yanan yerə ahımdan su çilərəm...

Mən sözümü gərək elə söyləyəm,

Hər bir kəlməm bir ox ola düşmənə...

Laçın yolu, yolum keçir gen səndən,

Çıxar, amma heç çıxarmı can səndən...

Ayaq çəkər, göz qaçırar kim səndən?

Namərd əldən qolaylandı daş mənə,

Gün dogmasın torpağımda düşmənə!..

10.04.21