Sabir Zəkullaoğlu : - İnsan ömrü Azərbaycandakı maaş kimidir.

YAZARLAR 08:46 / 04.08.2025 Baxış sayı: 2701

İnsan ömrü Azərbaycandakı maaş kimidir. O qədər azdır ki, adam heç bilmir hara xərcləsin.

İki gün əvvəl "dostlar günü" idi. Vaxt azlığından mən bu mövzuya münasibət bildirə bilmədim. Bu gün isə doğru ünvandayam. Bu mövzuya nə qədər vaxt ayırsam yeri var.

Dost günü olmur. Dost hər gün sənin yanında olur.

Bu sadəcə şablon ifadə deyil. Və yaxud yazı oxunaqlı olsun, kiminsə xoşuna gəlmək üçün də deyil. Bu fikir illərin sınağından keçmiş etibarlı, əqidəli və sədaqətli bir dostumun mənim həyatımda tikdiyi dostluq qalası, dostluq körpüsüylə dəfələrlə təsdiqini tapmışdır.

Bu qalada dəfələrlə çətin vəziyyətdən necə çıxmağımız haqda birgə qərarlar vermişik. Bu körpüdən dəfələrlə ən ağır yükləri daşımışıq.

Nə qalamızın sirri açılıb, nə körpümüzə bir xətər yetməyib.

Dostluq özü də bir sevgidir. Və bu da sifarişlə olmur. Heç planlaşdırmırsan. İllər ötür, zamanla kimin səninlə dost olduğunu görürsən. Ən çətin vaxtında bir də görürsən ki, dostun sənin yanındadır.

Ümumiyyətlə deyərdim ki, dostu olmayan adam bədbəxt adamdır. Bəlkə də bir az sərt oldu. Ancaq dostu olmayan adam ən kasıb adamdır desəm, məncə yanılmaram.

Dost həm də insanın kapitalıdır.

Həm mənəvi, həm də maddi.

Əgər insanın bütün dərdlərini deyə biləcəyi dostu yoxdursa, o gərçəkdən bədbəxt adamdır. Həm də bütün dərdlərinə şərik çıxmaqla bərabər, səni başa düşən, heç vaxt qımamayan, səni olduğun kimi qəbul edən, səni səhvlərinlə birlikdə sevən adamdır dost.

Bəzən deyirlər ki, dost sənin səhvini üzünə deyən adamdır. Xeyir. Bu əsla belə deyil. Dost sənin səhvlərinin yanında dayanan adamdır.

Zatən səhvsiz insan yoxdur. Odur ki, dost sənin hər səhvini ərəbzəngi kimi sifətinə çırpıb, səni doğulduğuna peşman edən yox, sənə həmdəm olub, sənə mənəvi və psixoloji dəstək olan adamdır.

Bu gün bütün bu zənginliyi özündə daşıyan, insan əxlaqının ən yüksək məqamına yüksələ bilən bir dostum və qardaşım Rəhmanın doğum günüdür.

Rəhman gərçəkdən də əxlaq daşıyıcısıdır. Qırx illik tarixə dayanan bu dostluqda mən bir dəfə də olsun onun kiminsə arxasınca danışdığını, ağzından bir kəlmə də olsun vulqar ifadə çıxdığını eşitmədim.

Adam heyrətamizdir.

Sadəcə olaraq çoxumuz bunun heç fərqində deyilik.

Niyə fərqində deyilik?

Çünki hər tərəf səs - küy, kobudluq, söyüşlərlə doludur. Odur ki, bu hay - küyün içində mənəviyyat, mədəniyyət görünməz haldadır.

Ancaq həyat yaxşıların üzərində bərqərardır. Zatən qiymətli nə varsa az tapılandır.

Əziz dost, sənə sağlam, uzun və xoşbəxt yaşamağı arzu edirəm. Çox yaşa ki, gözümüz yaxşı nümunə görüb, ruhumuzu şadlandırsın.

A